“Meri Mak Brayd” musiqi qrupu Şəki musiqisevərlərinin qonağı olub

“Meri Mak Brayd” musiqi qrupu Şəki musiqisevərlərinin qonağı olub

Azərbaycanda səfərdə olan ABŞ-ın məşhur "Meri Mak Brayd" musiqi qrupu respublikamızın bölgələrinə səfər proqramı çərçivəsində ilk konsertini Şəki şəhərində verib. SİA-nın məlumatına görə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən konsert tamaşaçılar tərəfindən çox bəyənilib.

Konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam çıxış edərək konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, musiqisevərlərə minnətdarığını bildirib: "ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir. Meri Mak Braydın rəhbərlik etdiyi bu musiqi qrupu Azərbaycanda ilk dəfədir ki, çıxış edir".

Musiqiçilər konsertdən əvvəl ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən xüsusi tədris proqramı əsasında Şəkidə ingilis dilinin tədris olunduğu qrupların üzvləri ilə də görüşmüş, tədriz prosesi ilə maraqlanmış, onlarla ingilis dilində sorğu aparıblar.

Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, "Meri Mak Brayd" musiqi qrupu martın 27-də Zaqatala musiqisevərlərin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə