18 Mart tarixində Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənd şəhərindəki "Türküstan" konsert sarayında Novruz bayramına həsr olunan Azərbaycan-Özbəkistan dostluq konserti keçiriləcək. SİA-nın məlumatına görə, bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak edəcəklər.
Konsertdə ölkəmizi "Aypara" qrupu təmsil edəcək. Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və xanəndələr-Aytən Məhərrəmova və Vüsal Zamanov xalq mahnıları, muğam və təsniflərimizi ifa edəcəklər. Konsertdə Özbəkistan tərəfdən isə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalının qaliblərindən olan Yulduz Turdiyeva ilə tanınmış müğənni İsroil Saidumarov Azərbaycan və özbək mahnılarını oxuyacaqlar.
Bayram tədbiri çərçivəsində "Türküstan" konsert sarayının foyesində təşkil olunacaq sərgidə Azərbaycan mədəniyyəti, Novruz adət-ənənələri, ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı materiallar, rəsm və xalçalarımız, milli suvenirlər nümayiş etdiriləcək. İştirakçılar Novruz şirniyyatlarına qonaq ediləcək, səfirlərə və digər qonaqlara ziyafət veriləcək.
Qeyd edək ki, sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi də ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB