Azərbaycanla Türkiyənin birgə çəkdiyi film Londonda təqdim edilib
Londonda Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi "Qafqaz" bədii filminin premyerası olub. Bu barədə SİA-ya Xəzər Strateji İnstitutundan (HASEN) məlumat verilib.
Filmə Xəzər Strateji İnstitutu (HASEN) Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gənclər və İdman Nazirliyi filmə sponsorluq edib.
Nümayişindən əvvəl, HASEN-in baş katibi Haldun Yavaş filmin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Hər iki ölkə kinematoqrafçılarının gələcəkdə də uğurlu layihələrdə iştirak edəcəklərindən əminliyini ifadə edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirakçıları qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Səfir, filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib. Layihəni yüksək qiymətləndirən diplomat, çıxışının sonunda filmin ərsəyə gətirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Milli Məclisin deputatı Ceyhun Osmanlı layihənin başlaması və filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlərin – Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında həmçinin filmin çəkilişində də hər zaman əsas prinsip olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. O deyib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.
Filmin rejissoru və baş rolu canlandıran Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə edib.
Çıxışlarından sonra sənətçilərə Qarabağ xalçaları hədiyə edilib.
Real hekayəyə əsaslanan film, 1992-ci illərin hadisələrini canlandıran romantik-sevgi filmidir. Filmdə aktrisa, "Miss Türkiyə-2001"-in qalibi Tuğçe Kazaz və "Ayna" Qrupunun solisti Erhan Güləryüz, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı və başqaları rol alıb.
Film tamaşaçıların böyük rəğbətini qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB