Londonda keçiriləcək festivalda Novruz bayramının zəngin irsi təqdim ediləcək

Londonda keçiriləcək festivalda Novruz bayramının zəngin irsi təqdim ediləcək

Martın 23-də Londonda Mərkəzi Asiya yaz festivalı (Novruz) keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, London Universitet Kolleci tərəfindən keçiriləcək festivala Avropa Azərbaycan Cəmiyyəti sponsorluq edəcək.
Ümumilikdə, 1500 nəfərlik auditoriyanı əhatə edəcəyi gözlənilən bu festival Böyük Britaniyanın ən böyük incəsənət bayramı olacaq.
Əsrlər boyu qeyd olunan Novruz bayramının zəngin irsi vardır. Sülh, xeyriyyəçilik, təmizlik və sevgi anlayışları onun əsas elementlərindəndir.
Bu il həm də Mərkəzi Asiya yaz festivalının təşkilinin 5-ci ildönümü ilə əlamətdardır. Bu tarixi qeyd etmək üçün 6 ölkənin tələbə cəmiyyətlərinin nümayəndələri toplaşacaq.
Tədbir iştirakçıları Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının zəngin ənənələri və mədəniyyətləri ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində, həmçinin milli mətbəx nümunələri təqdim olunacaq. İştirakçılar ənənəvi geyim və folkloru görə biləcək, gənclərin çıxışlarından zövq alacaq, oyunlarda iştirak edəcək və qorunub saxlanan ənənənin şahidi olacaqlar.

Qeyd edək ki, festivalın təşkilatçıları Britaniya-Özbək Cəmiyyəti, London Universitet Kollecinin Qazax Cəmiyyəti, Böyük Britaniyada Qazaxıstan Tələbə Cəmiyyəti, London Universitet Kollecinin Azərbaycan Cəmiyyəti, Böyük Britaniyada Qırğız Klubu, Britaniya-Tacik Cəmiyyəti, Böyük Britaniyada Tatar Assosiasiyasıdır.

Biletləri http://bit.ly/novruzucl saytında əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə