Qazaxda yel çərşənbəsi qeyd edilib

Qazaxda yel çərşənbəsi qeyd edilib

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri özünü qoruyub saxlayır. Bu yolun bayrama qədərki 4 ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. SİA-nın bölgə müxbirininin verdiyi xəbərə görə, Qazax rayonunda Novruz bayramına qədər olan dörd çərşənbə geniş şəkildə qeyd edilir. Bunlardan Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və sonuncu Torpaq çərşənbəsidir. 3-cü çərşənbə olan yel çərşənbəsinə xalq arasında "külək oyadan çərşənbə", "yelli çərşənbə", "küləkli çərşənbə"də deyilir. Köhnə inam və etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir.

Bu çərşənbədə əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. El ədəbiyyatımızda yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və sair nümunələr yaranıb. Həyat və məişətimizin ulu qaynaqları ilə bağlı olan Novruz öncəsi keçirilən çərşənbələrin adı ilə əlaqədar yaranan ağız ədəbiyyatı janrlarında yel ünsürü də öz əksini tapıb: "Yelin zarafatı qovmaqla başlanır", "Yel apardığını qaytarmaz", "Yelə qoşulan çox uzağa getməz", "Yeldən iman diləməzlər" kimi atalar sözləri, "Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar", "Yeli əsdirəni söyməzlər", "Taxıl sovrulanda yel baba bərk əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda yel baba insafa gəlib yavaş əsər", "Yel baba xırmana gəlməmişdən qabaq xırmandan buğda, dən götürməzlər" kimi inanclar, "Əl ilə tutmaq olmaz, göz ilə gör­mək olmaz" və başqa tapmacalar yelin nümunələrdəndir.

Yel çərşənbəsində Qazax rayonunun sakinləri günün birinci yarsında qəbirstanlığa gedərək dünyasını dəyişmiş yaxınlarını yad edirlər. Onların ruhlarına dualar oxudurlar. Filalogiya üzrə fəlsəfə elimləri doktoru Fazil Əliyev Novruz bayramının və çərşənbələrin atəşpərəstliklə heç bir əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, qədimdən qalan adət-ənənəyə görə isə çərşənbə günləri hər bir evdə qazan asılmalı və bayram stolu düzəldilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə