Londonun ən böyük zallarından biri olan Mərkəzi Vestminster zalında (Central Hall Westminster) London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib. SİA-nın xəbərinə görə, həmin gecə orkestrə Azərbaycan Respublikasının Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edib.
Konsert İkinci "Xəzər dəhlizi" konfransı (Caspian Corridor Conference) çərçivəsində "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının, Britaniya-Azərbaycan İşgüzar Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə dəstəyi ilə baş tutub. "Buta" İM London Fond Birjasında (London Stock Exchange) keçirilən "Xəzər dəhlizi" konfransının (Caspian Corridor Conference) təşkil edilməsində də iştirak edib. Tədbirin xüsusi firma üslubu işlənib hazırlanıb, meydançanın tərtibatı üzrə işlər görülmüş, konfrans iştirakçıları üçün Azərbaycan yeməklərindən ibarət menyu diqqətlə seçilib.
Həmçinin, köhnə Bakının fotoşəkillərindən ibarət sərgi təşkil edilib. "Buta" İM bu sərgini "Bakı sirləri" verilişinin müəllifi və aparıcısı Fuad Axundovun dəstəyi ilə həyata keçirib. Fotosərgi həm konfransın keçirildiyi ərazidə – London Fond Birjasında, həm də konsert zalında – Mərkəzi Vestminster zalında keçirilib. Konsert Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" əsəri ilə başladı və möhtəşəm Vestminster zalı bütünlüklə Natəvan Quliyevanın ifa etdiyi orqanın canlandırıcı səsi ilə doldu. Bundan sonra dərhal Şərqin iki böyük şairi olan Hafizin və Sədinin poeziyasından ilhamlanan Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamı səsləndi. Əsərin orkestr palitrası öz incəliyi və koloritliliyi, müxtəlif polifonik üsulları və gözəl ahəngləri ilə gecənin qonaqlarını valeh edib.
Azərbaycan Respublikasının Xalq Artisti Yeganə Axundovanın ifasında Fikrət Əmirovun və Elmira Nəzirovanın fortepiano və orkestr üçün ərəb mövzusunda konsert səsləndirilib. Daha sonra səhnəyə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və perspektivli solisti Afaq Abbasova çıxıb. Onun ifasında gözəl melodiyalar- Niyazinin "Arzu" romansı və Fikrət Əmirovun eyniadlı operasından Sevilin ölməz ariyası səsləndirildi. Afaq öz gözəl səsi və səmimiyyət dolu hissləri ilə London tamaşaçısının qəlbini fəth edib.
Gecənin kulminasiya nöqtəsi isə Qara Qarayevin "İldırımlı yollarla" baletindən süita № 2 olub. Tamaşaçılar dirijor Yalçın Adıgözəlovun, solistlər – Yeganə Axundovanın, Afaq Abbasovanın, Natəvan Quliyevanın və Kral orkestrinin ifalarını çoxlu gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.
"Buta" İM-nin Baş direktoru Nəsib Piriyev bildirib ki, hər şey planlaşdırıldığı kimi keçib: "Konfransın, sözün əsl mənasında, işgüzar olmasını, təkcə biznes haqqında danışmaq yox, həm də elə buradaca iş görmək istəyirdik. Çoxsaylı qonaqlar və iştirakçılar, Xəzər dənizi regionundan və dünyanın digər bölgələrindən olan şirkətlər, müxtəlif ölkələrin hökümət nümayəndələri- regionda biznes-proseslərə təsir göstərən bu sayda insanı tez-tez bir araya gətirmək asan məsələ deyil və belə bir fürsətdən faydalanmaq lazımdır. Konfransın əsas proqramı ilə paralel olaraq, səhnə arxasında iştirakçıların həyatı qaynayıb qarışırdı – otaqlarda qızğın surətdə işgüzar görüşlər və danışıqlar keçirilib, memorandumlar və hətta bir neçə müqavilə imzalanıb, "AzMeCo" şirkəti isə yeni iri layihəyə daxil olmasını elan edib. Belə hesab edirəm ki, "səhnəarxası" fəallıq gələn il daha çox olacaq və Londonda keçirilmiş Konfrans yaxın gələcəkdə Azərbaycanın və ümumilikdə Xəzər regionunun çox ehtiyac duyduğu tamdəyərli bir işgüzar meydança olacaq. Uzunsürən günün möhtəşəm Azərbaycan klassik musiqisi ilə başa çatdırılması artıq konfransın ənənəsinə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB