13 mart tarixində London şəhərində "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan haqqında film nümayiş etdiriləcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və növbəti III Dünya Forumunun prioritetləri təqdim ediləcək.
Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniyanın parlament üzvləri nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak edəcəklər.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə keçiriləcək. Nazir tədbirdə Azərbaycan dövləti adından çıxış edəcək. Tədbirin təşkilatı məsələlərinin həll edilməsi məqsədilə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə və Turizm şöbəsinin əməkdaşı Günel Aslanova Londona ezam olunublar.
2008-ci ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin əsası qoyulmuş və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilib.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilib. İclasda "Bakı Prosesi-Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilib. Bu proses çərçivəsində 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib.
Qeyd edək ki, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB