Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi keçirilib FOTOLAR

Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi keçirilib FOTOLAR

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda xalq rəssamı Cəmil Müfidzadənin "Cizgilərə hopan ömür" adlı 80 illik yubiley sərgisi keçirilib. Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunub. Sərgi haqda SİA-ya xalq rəssamı Cəmil Müfidzadənin özü məlumat verib: "Sərgi rəssam üçün çox vacib mərhələdir. Bu mənim artıq 12-ci sərgimdir. İlk fərdi sərgim isə Polşada nümayiş olunub. Sevinirəm ki, dövlətimiz bu gündə mənə qayğı göstərərək növbəti sərgimi nümayiş etməyimə kömək oldu".

C.Müfidzadə 1934-cü ildə anadan olub. İxtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəb"ində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda alıb. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə respublikanın əməkdar (1982) və xalq rəssamı (2002) fəxri adlarına layiq görülüb. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilib. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. "İçərişəhər", "Abşeron nefti", "Bakı neft paytaxtı", "Buhenvald", "Xınalıq", "Monqolustan torpağında", "Misir təəssüratları" və s. silsilə əsərləri xüsusilə məşhurdur. Xüsusilə məşhur "İçərişəhər" silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədən əsərlərin bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir.
Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənət ənənələri ilə həmahəngdir.
Hazırda yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika kafedrasında müəllim kimi fəaliyyət göstərərək, gənc rəssamlara sənətin sirrlərini aşılamaqla məşğuldur. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə