Əbülfəs Qarayev: "Son 5-6 ildə 1705 mədəni abidələrimiz aşkar olunub" FOTO
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, dövlət ziyalıları, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illərdə sözügedən sahənin inkişafı, vahid sistemin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb: "2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasına qədər ölkə ərazisində olan qoruqların vahid xəritəsi mövcud olmayıb. Bunu tək mən demirəm. Nazirlər Kabinetində də, Azərbaycan Milli Elmlər Akademiyasında da bu faktı bilirlər. Bu günə qədər biz 100-dən artıq abidənin pasport və xəritəsini hazırlamışıq. 2007-ci ildə İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi. Lakin cənab İlham Əliyevin mədəniyyət sahəsinə, abidələrimizin qorunmasına göstərdiyi diqqət sayəsində İçərişəhərin qorunub saxlanılmasına nail olduq. Bu gün İçərişəhər nümunəvi məkandır və biz sevinirik ki,bu cür dövlət qoruğumuz var. Onu da diqqətinizə çatdırım ki, 6308 tarixi abidə mühafizə olunur. Son 5-6 ildə 1705 mədəni abidələrimiz aşkar olunub. Ölkəmiz keçid dövründə abidələrimiz məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya gəlmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu problemimiz də aradan qaldırıldı. Biz çalışmalıyıq ki, mədəni irsimizi layiqincə qoruyub gələcək nəsillərə əmanət edəl".
Daha sonra Abşeron şirkətinin direktoru Emin Quliyev çıxış edərək layihəsi haqda məlumat verib: "Google Play-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanan Azərbaycanın qədim sakinləri barədə "Qobustan" adlı oyun yaradılıb.
Qobustan – Bakının yaxınlığında yerləşən, ərazisində ibtidai insanın yaşadığı, özündən sonra çoxlu sayda qayaüstü rəsmlər qoyub getdiyi, tarixi qoruq olduğu üçün oyunçuya özünü Azərbaycanın qədim sakini kimi hiss etmək təklif edilir: ətraf torpaqları tədqiq etmək, qida tapmaq, təbii kataklizmalardan xilas olmaq, ayin və mərasimləri yerinə yetirmək və s. Oyunçunun əsas məqsədi ətraf mühitə uyğunlaşmaq və özü üçün stabil gələcək təmin etməkdir.
Oyun təkcə orijinal süjeti ilə deyil, həm də çox gözəl dizaynı, personajları, eləcə də musiqi tərtibatı ilə seçilir. Martın 7-dən istifadəyə verilməsinə baxmayaraq artıq 800-dən çox insan sözügedən oyunu yükləyib oynayır. Onun 70%-i yerli istifadəçilərdirsə, 30% -ni xarici oyunsevərlər təşkil edir. Əminik ki, bu oyun xaricdə tanınacaq, həmçinin Azərbaycanın necə qədim mədəniyyətə və tarixə mailik olduğunu dünyaya bir daha sübut edəcək".


)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB