Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlarla tamaşaçıların yaddaşına həkk olunan xalq artisti Bəşir Səfəroğlunun bu gün doğum günüdür. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə seçilməyi bacarıb. B.Səfəroğlunun digərlərindən fərqləmdirən başqa bir cəhəti isə ilk andan tamaşaçının üzündə yaratdığı təbəssümdür. Cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu sanki bir neçə əsr yaşamış kimi yaddaşlarda qalmağı bacarıb. SİA-nın məlumatına görə, yaşasaydı bu gün martın 11-də görkəmli sənətkarımız Bəşir Səfəroğlunun 89 yaşı tamam olacaqdı.
Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir Hacıbəyli), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov) və b. obrazlarla tamaşaçı qəlbinə yol tapıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. "Aygün", (Əmirxanın dostu), "Qəribə əhvalat" (Cəmil), "Əhməd haradadır?" (Sərxoş), "Ulduz" (Gülümsərov), "Xoca Nəsrəddinin 12 qəbri" (Nəsrəddin), "Yun şal" (Kişi), "Yaşamaq gözəldir, qardaşım" (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunmuşdur. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı. İki övlad atası olan Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilmiş və o, 1964-cü ildə əməkdar artist , 1968-ci ildə isə xalq Artisti adına layiq görülüb.
Şöhrətli sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Ölməz sənətkarımızın yolunu bu gün qızı, Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı uğurla davam etdirir.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB