Dünya şöhrətli musiqiçi Kitaro Heydər Əliyev Mərkəzində çıxış edib
Yaponiyanın dünya şöhrətli bəstəkar və musiqiçisi, "Qremmi" və "Qızıl qlobus" mükafatlarının sahibi Kitaronun Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konserti baş tutub. SİA-nın məlumatına görə, "Nyu eyc" ("New age") janrının canlı əfsanəsi azərbaycanlı tamaşaçılara əsrarəngiz musiqisi ilə möhtəşəm bir gecə yaşadıb.
Konsertdə Kitaro milyonların qəlbini fəth etmiş hitlərini – "Silk Road", "Caravancary", "Mercury", "Koi", "Matsuri" və digər kompozisiyalarını ifa edib.
Kitaronu öz musiqi qrupu ilə yanaşı, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri də müşayiət edib.
Kitaro kimi tanınan 61 yaşlı nadir musiqiçinin əsl adı Masanori Takahaşidir. O, musiqi təhsili almamış və not bilmir. Əsərlərini özünəməxsus üsulla yaradır. Kitaro klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir.
Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, eyni zamanda, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısı olub.
1993-cü ildə "Səma və torpaq" kinofilminə bəstələdiyi musiqiyə görə "Qızıl qlobus" mükafatı alan Kitaro dəfələrlə "Qremmi"yə nominant olmuşdur. 2001-ci ildə isə bəstəkarın "Səni düşünürəm" ("Thinking of you") albomu "Qremmi" mükafatına layiq görülüb.
Qeyd edək ki, böyük müvəffəqiyyətlə keçən konsertdən sonra dünya şöhrətli bəstəkar və musiqiçi Kitaro Azərbaycana gəlməsindən məmnunluğunu bildirib, möhtəşəm Heydər Əliyev Mərkəzində çıxış etməsindən şərəf duyduğunu deyib. O, Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB