Sərvər Əliyev: "Teatrşünaslar öz işləri ilə məşğul olmurlar” AÇIQLAMA

Sərvər Əliyev: "Teatrşünaslar öz işləri ilə məşğul olmurlar” AÇIQLAMA

"Azərbaycanda güclü aktrisalar var". Bu sözləri SİA-ya Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Sərvər Əliyev söyləyib: "Azərbaycanda kifayət qədər peşəkar aktyor və aktrisalar mövcuddur. Ancaq onu deyim ki, bizdə paxıllıq hissi çox güclüdür. Daxilimizdə olan qısqanclığı yox etsək sənətimizi daha gözəl nümayiş etdirə bilərik. Bəzi rejissorlar tamaşalarda öz yaxınlarını, dostlarını, qohumlarını önə çıxararaq onlardan istifadə edirlər. Nümunə üçün deyim ki, əgər mən özbaşınalıq edib, yaxın bildiyim aktyorlara rol versəm, bu zaman teatr tənqidçiləri bir neçə dəfə tamaşaları izləyib, öz iradlarını söyləsələr təbii ki, mən də bu hərəkəti bir daha təkrarlamaram. Qəbul edək ki, burada tamaşaçı uduzur.Yüksək səviyyədə tamaşa nümayiş etdirmək istəyən rejissor mütləq rolu peşəkara həvalə etməlidir. Onu da deyim ki, Azərbaycanda teatrşünaslar var və teatrın inkişafında tənqidçilərin rolu böyükdür. Çox təəssüflər olsun ki, teatr resenziyaları yazılmır. Ancaq tamaşa haqda qısa informasiya verilir. Teatrşünas tamaşaya tənqidi yanaşanda, rejissor, aktyor, hətta teatr da özünü yığışdırır. Bu sahə Azərbaycanda yoxdur. Teatr tənqidçilərinin yazmamaqlarına səbəb isə risenziyalara ödənilən pulun çox az olmasıdır. Bu da onları qane etmir. Sonda onu deyim ki, bu gün teatrşünasların heç biri öz işləri ilə məşğul olmurlar".

Qeyd edək ki, ötən əsrin 60-cı illərindən teatrşünaslığımızda yeni bir sahə meydana gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakultəsində hər il onlarla tələbə teatrşünas ixtisasına yiyələnir. Ancaq təəssüflər olsun ki, teatrşünaslıq elminin mahiyyətindən çoxları xəbərsizdirlər. Bu gün teatrşünaslığımızın nəinki tarixi, bu sahədə xidmət göstərən neçə neçə alimin yaradıcılığı da tədqiqat obyektidir. Düşünürük ki, teatrşünaslarımızın teatrşünaslıq elmini araşdırmaq vaxtı çatıb, bəlkə də ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə