Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi sərgisi açılıb

Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi sərgisi açılıb

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar Rəssam Əşrəf Heybətin "İthaf. Şərq və Qərb arasında" mövzusunda ilk fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Milli Məclisin deputatları Rafael Hüseynov, Asim Mollazadə, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin tələbəsi olduğunu bildirib: "Əşrəf bəyin fərdi sərgiləri Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və digər ölkələrdə böyük maraqla qarşılanır. Əşrəf Heybət portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli monumental əsərlərin də müəllifidir. Bu günkü sərgidə rəssamın 95 əsəri nümayiş olunur".

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Milli Məclisin deputatları Rafael Hüseynov, Asim Mollazadə və digər çıxış edənlər də Əşrəf Heybəti Azərbaycan tarixinə, mədəniyyətinə bağlı sənətkar kimi səciyyələndiriblər.

Rəssamın Qərb ifadə tərzini Azərbaycan rəssamlıq məktəbi ilə birləşdirdiyi qeyd edilərək vurğulanmışdır ki, o, əsərlərində Şərqlə Qərbin üzvü vəhdətini yaradıb.
Əsərlərində rənglərin vəhdətini əks etdirən fırça ustası Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini dünyaya çatdırır.
Mərasimdə görkəmli rəssama elm, mədəniyyət, incəsənət sahəsində, ictimai həyatda xidmətlərinə görə "Zirvə" ziyalılar təşkilatının və Azərbaycan Demokratik İslahatlar Partiyası diplomları təqdim edilib.

Sərgi martın 19-dək davam edəcək.

Qeyd edək ki, Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh elçisi" mükafatı laureatı, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub. O, Almaniyada yaşayıb-yaratsa da əsərlərində mənsub olduğu xalqa, doğma Vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə