Gənc peşəkarların konserti böyük maraqla qarşılanıb

Gənc peşəkarların konserti böyük maraqla qarşılanıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyası və Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki musiqi kolleci mədəniyyətimizə neçə-neçə görkəmli simalar, böyük sənətkarlar bəxş ediblər. SİA-nın məlumatına görə, musiqi kolleci və məktəb-studiya bu gün də öz missiyasını böyük müvəffəqiyyətlə həyata keçirir, burada təhsil alan gənc istedadlar musiqi sənətinin və elminin sirlərinə yiyələnirlər.
Bu təhsil müəssisələrində oxuyan tələbələrin böyük əksəriyyəti respublika və Beynəlxalq müsabiqələr laureatlarıdır. Onların arasında Prezident təqaüdçüləri və müxtəlif mükafatlara layiq görülən istedadlar az deyildir. Eyni zamanda, onlar mütəmadi olaraq sənətsevərlərə musiqi töhfələrini bəxş edirlər.
Bu məkanın konsert salonunda daha bir layihə həyata keçirilib. Konsertdə AMK-nın nəzdindəki musiqi kollecinin tələbələri və BMA-nın məktəb-studiyasının şagirdləri çıxış ediblər. Musiqi kollecinin tələbələrindən İbrahim Babayev (II kurs, tar), Günel Rizvanova (II kurs, fortepiano), Təhminə Xuduzadə (II kurs, violonçel), Cavid Əzizov (IV kurs, fortepiano), Xədicə Tofiqzadə (III kurs, violin), Rəhilə Məmmədova (III kurs, tar), Eldəniz Ələkbərzadə (II kurs, fortepiano) və məktəb-studiyanın şagirdləri Firəngiz Braneva (III sinif, violin), Emil Hüseynov (V sinif, violin), Ceyhun Əzizov (IX sinif, fortepiano), Elçin Əliyev (X sinif, klarnet), Murad Abasov (X sinif, fortepiano) öz ifalarını təqdim ediblər.
İfaçılar həm Azərbaycan, həm də Avropa və rus bəstəkarlarının yaradıcılığına müraciət etmiş, bir-birindən dəyərli, nadir musiqi nümunələri səsləndiriblər.

Qeyd edək ki, konsertdə D.Şostakoviç, M.Qlinka, P.Çaykovski, F.List, A.Dvorjak, F.Şopen, S.Prokofyev, A.Məlikov, F.Pulenk, R.Şuman və başqa bəstəkarların müxtəlif janrlı əsərləri ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə