Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi günüdür. SİA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılıb. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Qeyd edək ki, M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB