Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə III" müasir musiqi layihəsi çərçivəsində görkəmli bəstəkar, dirijor, musiqişünas Arnold Şönberqin "İntizar" monodramı nümayiş olunub. SİA-nın məlumatına görə, monodramı izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, tələbələr, media nümayəndələri və başqaları da olub.
Əvvəlcə Arnold Şönberqin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi göstərilmiş, daha sonra bəstəkarın monodramı təqdim edilib.
Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı "İntizar" monodramını Əməkdar İncəsənət Xadimi Fərəc Qarayev 2004-cü ildə kamera orkestri və soprano üçün işləyib.
Əsərdə Birinci Dünya müharibəsindən sonra çiçəklənmiş alman ekspressionizmi canlandırılıb.
Monodramın rejissoru Gerhard Alt (Avstriya), dirijoru Roland Freisitzerdir (Avstriya). Solist Maribet Diql (ABŞ) olub. Tamaşa boyu nümayiş olunan videonun müəllifi Cohannes Novohradskidir (Avstriya).
"Zamanla üz-üzə" layihəsi ilk dəfə 7 il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci illərin konsert mövsümündə reallaşdırılıb. XX əsrin bir çox klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.
Kifayət qədər uğurla keçən layihə 2010-2011-ci illərin konsert mövsümündə də davam etdirilib. Ötən ilin dekabrından başlanan və 2013-2014-cü illərin konsert mövsümünü əhatə edən "Zamanla üz-üzə III" layihəsi ənənənin davamı kimi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin bədii rəhbəri bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB