Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanım, universitetin müəllim heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.

Universitetin rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirib: "Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olub. Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələn nəsillərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirib. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır. Əsasən Əli bəy Hüseynzadənin mədəniyyət konsepsiyasında bu görkəmli mütəfəkkir milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərib. Bu tarixi şəxsiyyət xalqımıza, türklərə və islam mənəviyyatına qarşı olan basqılara həmişə öz haqq səsini ucaltmış, daim bu hücumların qarşısını almağa çalışaraq dünyada bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olub. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürüb. Əli bəy Hüseynzadənin "Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar" fikirini xatırlatmasaq olmaz. Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" çağırışı bilavasitə maarifçi görüşlər üzərində bərqərardır. "Füyuzat" jurnalının məramnəsindən göründüyü ki­mi o, rus və Avropa əsərlərinin, o cümlədən elmi əsərlərin tərcümə edilməsində maraqlıdır; bu isə islam maarifçiliyinin "avropalaşdırılması" yaxud müasirləşdirilməsi kimi qəbul edilə bilər".

Tədbirdə Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanımın Əli bəy haqqında kövrək, səmimi söhbəti toplantı iştirakçılarının marağına səbəb olub.

Nəzərinizə çatdıraq ki, elmi sessiyada "Əli bəy Hüseynzadə və müasirləşmə paradiqmaları", "Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərində mədəni tarixi proses", "Əli bəy Hüseynzadənin siyasi-ideoloji fəaliyyətində Türkçülük-Turancılıq prinsipləri", "Əli bəy Hüseynzadənin rəssamlıq fəaliyyəti" mövzularında məruzələr dinlənilib. Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə təkcə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarından biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoyub.

Qeyd edək ki, o, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərib, bu səbəbdən də Əli bəy Hüseynzadənin hərtərəfli irsinin bugünkü gənclərə aşılanmasının vacibliyi də elmi sessiyada diqqət yetirilən məsələlərdən oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə