“Gözəllik nuru” sərgisi açılıb FOTOLAR

“Gözəllik nuru” sərgisi açılıb FOTOLAR

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Musiqi Şurası Azərbaycan Milli Musiqi Komitəsinin və "Kukla" Art qalereyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

"Gözəllik nuru" 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrikdir, təsviri sənətlə musiqinin birləşməsi, vernisaj və konsertin sintezidir.
Tədbiri ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycanda xanım, qadın anlayışına həmişə böyük rəğbət, hörmət bəsləndiyini söyləyib: "Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Müasir Azərbaycanda qadının rolu əvəzolunmazdır. Biz kişilərin daxili dünyamızın genişlənməsində, işlərimizin uğurlu alınmasında xanımların rolu danılmazdır. Əlamətdar bayram münasibətilə bütün qadınları təbrik edirəm".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xanımlarının öz peşəkarlıqları, istedadları ilə dövlətimizin inkişafına, çiçəklənməsinə töhfələr verdiklərini diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, tədbir çərçivəsində əvvəlcə konsert proqramı təqdim edilib. Respublikanın tanınmış musiqiçilərinin ifasında "Sinayaya veçnost", "Aşıq Ələsgər", "Durna", "Dağlarda bayram", "Unutma məni" mahnıları dinlənilib.

Tədbirdə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri, həmçinin Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr etdikləri əsərlər nümayiş olunur.

Sərgidə, ümumilikdə, 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və batika əsəri, "Kukla" Art qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim edilir.

Qeyd edək ki, sərginin əsas məqsədi qadın rəssamların yaradıcılığının təbliği, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunmasıdır. Sərgi martın 9-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə