Lənkəran teatrına yeni direktor təyin olunub

Lənkəran teatrına yeni direktor təyin olunub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında bədii və texniki heyətlərin birgə iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclasda Mədəniyyət və Turizm Nazirliyi teatr sektorunun müdiri Nahidə İsmayılzadə də iştirak edib. Teatrın yeni təyin olunmuş direktoru Tofiq Heydərovu kollektivə təqdim edən N.İsmayılzadə həmçinin 7 il kollektivə rəhbərlik etmiş İslam Həsənova təmsil etdiyi qurumun adından təşəkkürünü çatdırıb. Çıxışı zamanı nazirlik nümayəndəsi Lənkəran teatrının kollektivinin əvvəlki nailiyyətlətindən arxayınlaşmayaraq, bundan sonra da yeni-yeni uğurlara imza atacağına əminl olduğunu bildirib.

İclasda teatrın aparıcı aktyorları, xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sucəddin Mirzəyev, artist Eynəli Nurullayev və digərləri çıxış edərək teatrın inkişafi üçün həyata keçiriləcək bütün layihələrin gerçəkləşməsində yeni direktora əlindən gələn köməyi əsirgəməyəcəklərini söyləyiblər.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrnın direktoru təyin olunmuş Tofiq Heydərovun 57 yaşı var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Bir müddət Lənkəran teatrında aktyor, sonralar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

7 il Lənkəran teatrına rəhbərlik etmiş 49 yaşlı İslam Həsənov isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Sumqayıt Dövlət Musiqili Dram Teatrına direktor təyin olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə