Əbülfəs Qarayev: “Beynəlxalq ictimaiyyət Azərbaycanın təqdim etdiyi mükafatları dəstəkləyir”

Əbülfəs Qarayev: “Beynəlxalq ictimaiyyət Azərbaycanın təqdim etdiyi mükafatları dəstəkləyir”

Bu gün Muzey Mərkəzində Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Vüqar Məmmədov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri İradə Gülməmmədova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, bu il Qəbələnin "Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Azərbaycanın folklor paytaxtı" və Abşeron "Azərbaycanın sənətkarlıq paytaxtı" seçildiyini bildirib: "Azərbaycan dövləti qeyri-maddi mədəni irsin qorunmasına xüsusi diqqət ayırır. Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılıb. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən adət-ənənələrimizə böyük dəstək göstərilir. Azərbaycanın tarixində ilk dəfə olaraq ötən il YUNESKO-nun Qeyri-Maddi Mənəvi İrs komitəsinin iclası keçirilmişdi. Ölkəmizdə baş tutan bu komitənin iclası artıq YUNESKO tərəfindən çox yüksək səviyyədə qeyd olunmaqla yanaşı, ən faydalı və işgüzar toplantılardan biri hesab olunur. Biz sevinirik ki, Azərbaycanın təqdim etdiyi mükafatlar hər zaman beynəlxalq ictimayətin dəstəyini alır. Bu dəstəyi qazanmaq üçün sözsüz ki, ölkənin daxilində gedən proseslər ciddi təşkil olunmalı və düzgün istiqamətlənməlidir. Düşünürəm ki, sənətkarlıq paytaxtlarının təşkili bizim üçün çox vacibdir. Məsələ ilə əlaqədar Qəbələ, Balakən və Abşeron rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər tədbirlər keçiriləcək. Sənətkarlıq işləri çox diqqət mərkəzində olmalıdır. Biz paralel olaraq Şəki, Qəbələ, Masallı, Gəncə, Quba və başqa rayonlarda da keçirib, mədəni irsimizi nəzarətdə saxlayırıq. Bu il ərzində cənab prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" müasir dövrümüzdə böyük tarixi əhəmiyyət kəsb edir və bütün diqqət buna yönəldilib. Onu da diqqətinizə çatdırım ki, mart ayının 11-də Dövlət Proqramının icrası ilə bağlı böyük tədbir keçiriləcək".

Nəzərinizə çatdıraq ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair" Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.

İslahatların davamı olaraq hazırda "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin hazırlanması, "Qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və s.) Portfolio Bankı"nın və "Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı"nın yaradılması, "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi, "Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları"nın təşkili, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür.

Bununla yanaşı, "Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi" və "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı" pilot layihələri həyata keçirilir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı təsdiq olunub.

Qeyd edək ki, illik tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətlərinə görə, nazirliyin Fəxri Fərmanı ilə Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə