Mübariz Həmidov: “Trilogiyanın hazırlanması 3 ay zamanımızı aldı”

Mübariz Həmidov: “Trilogiyanın hazırlanması 3 ay zamanımızı aldı”

Bu gün Gənc Tamaşaçılar Teatrında British Council Azerbaijan təşkilatı Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonahın pyesləri əsasında qurulmuş Lineyn Trilogiyası tamaşasının premyerası olacağı haqda mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, British Council təşkilatının direktoru Elizabet Uayt, Böyük Britaniya rejissoru Yan Uiltem van den Boş, teatrın əməkdaşları, media nümayəndəlıri və başqaları iştirak ediblər.

Tədbiri ilk olaraq Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov açaraq Gənc Tamaşaçılar Teatrı ilə British Councilın birgə əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirib: "Əməkdaşlığımız artıq 3 ildən artıqdır ki, davam edir. Azərbaycan teatr məkanında ilk dəfə olaraq bu layihəni Gənc Tamaşaçılar Teatrı həyata keçirir. Bunlar təcrübə mübadiləsidir. Tetarımızın inkişafı artıq göz qabağındadır. Biz çalışacağıq ki, bu cür işləri yenə də uğurla davam etdirək. Bu Trilogiya teatrımız üçün yeni və həyəcanlandırıcı təşəbbüsüdür. Teatrımzı əməkdaşlıq yolu ilə hazırlanan bu cür tamaşaları hər zaman məmnuniyyətlə qəbul edib dəstəklənməyə hazırdır. Onu da diqqətinizə çatdırım ki, Trilogiyanın hazırlanması 3 ay zamanımızı aldı. Ancaq bizdə bir tamaşaya 3 ay vaxt lazım olur".

Lineyn Trilogiyası, Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem van den Boxun, üç azərbaycanlı rejissorumuz – Ayla Osmanova, Sərvər Əliyev və Gülnar Hacıyevanın, habelə on iki Azərbaycan aktyorunun birgə gördüyü ilk səhnələşdirmə işidir.

Daha sonra isə British Council təşkilatının direktoru Elizabet Uayt və Böyük Britaniya rejissoru Yan Uiltem van den Boş çıxış edərək Azərbaycanda olmaqdan və bu cür möhtəşəm işlərlə tamaşaçıların görüşünə gəlməkdən məmnun olduqlarını vurğulayıblar.

Nəzərinizə çatdıraq ki, Martin MakDonah İrlandiyada ən vacib müasir dramaturqlardan biri kimi geniş tanınıb. Onun səkkiz əsəri Böyük Britaniyanın və bütün dünyanın iri teatrlarında səhnələşdirilərək, saysız mükafatlara və tənqidçilərin tərifinə layiq görülüb.

Qeyd edək ki, 2012-ci ildə British Council təşkilatı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış Teatr sahəsində Əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilir. Bu davamlı layihə Azərbaycan dövlət və özəl teatrlarında çalışan aktyorların və pərdə arxası heyətinin peşəkar bacarıqlarını artırır. Trilogiyanın premyerası 11 mart saat 12:00, 16:00 və 19:00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Bu tamaşalar Azərbaycan dilində ifa olunacaq və il boyunca teatrın repertuarında saxlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə