Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar Rəssam Əşrəf Heybətin "İthaf. Şərq və Qərb arasında" adlı ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əşrəf Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Tbilisi Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1980-ci ildə Moskvada keçirilmiş Yay Olimpiya Oyunlarının bədii tərtibatında iştirak edən rəssam bu şəhərdə qalıb fəaliyyətini davam etdirərək böyük uğurlar qazanıb.
Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və digər ölkələrdə də fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. Əşrəf Heybət portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.
1994-cü ildə Almaniyanın Koblens şəhərinə köçən Əşrəf Heybət, şəhərə 450kv/m panno hədiyyə etmiş, 2001-ci il 11 sentyabr Nyu-York terror faciəsinə həsr etdiyi "Nyu-York 11 sentyabr" panno-rəsmi şəhərin sakinlərinə hədiyyə olaraq göndərilib.
Qeyd edək ki, Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh elçisi" mükafatı laureatı, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub. O, Azərbaycandan kənarda yaşayıb-yaratsa da, əsərlərində, mənsub olduğu xalqına, doğma vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB