“Sevilya bərbəri”

Görkəmli italyan bəstəkarı Coakkino Rossininin "Sevilya bərbəri" operasının tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşada əsas hissələrdən biri olan Almavivanı ifa etmək üçün teatrın rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı dəvət edəcək.

Ukraynalı vokalçı öz vətənində çıxış etməklə yanaşı, Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzairdə qastrol səfərlərində olub.

Nəzərinizə çatdıraq ki, tamaşada, həmçinin milli operamızın aparıcı solistləri - xalq artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta) və başqaları çıxış edəcəklər. Tamaşanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, tamaşa martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə