“Müharibə uşaqların gözü ilə” FOTOLAR

“Müharibə uşaqların gözü ilə” FOTOLAR

Bu gün Abşeron Rəsm qalereyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Müharibə uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə Abşeron Rəsm qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, şagirdlər, valideyinlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Müsabiqə barədə SİA-ya Abşeron Rəsm qalereyasının direktoru Eldəniz İbrahimov məlumat verib: "Bu cür sərgilər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə 2000-ci illərin əvvəllərindən təşkil edirik. Xocalı soyqırımı bizim ən ağrılı və facilə tariximizin bir səhifəsidir. Bildiyiniz kimi, Xocalı soyqırımını yalnız dövlət səviyyəsində deyil, ümummilli şəkildə də qeyd olunur. Xocalı soyqırımına etiraz olaraq xaricdə yaşalan azərbaycanlılar da aksiya təşkil edirlər. Bu da bizim səsimizi daha çox ünvana çatdırılmasına kömək olur. Bu gün də şagirdlərin ümummilli hərəkatda öz payları var. Belə ki, onlar da rəsm əsərləri ilə şahidi olmadıqları, lakin bütün dərinliklərini yaxşı bildikləri Xocalı soyqırımına aid rəsm çəkib bu müsabiqədə nümayiş etdiriblər. Sərgidə Bakı şəhərinin 10 rayonundan 55 rəssamın 60-dan çox əsəri təqdim olunub. Əsasən bu rəsmlər qrafik işlərdən ibarətdir. Həmçinin yağlı boya ilə də rəsmlər çəkilib. Onu da diqqətinizə çatdırım ki, uşaqları ruhlandırmaq üçün fərqlənənlərin siyahısını daha da artırdıq. Belə ki, 3 şagirdimiz qalib olub, digər 20 nəfər isə fərlənmə diplomuna layiq görülüblər".

Qeyd edək ki, sərgi 3-cü gündür ki, davam edir. Sərginin son günü olduğuna görə, fərqlənən şagirdlərə təşkilatçılar tərəfindən diplom və mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə