Fransada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət və kommunikasiyalar naziri xanım Aureli Filippetti ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.
Əbülfəs Qarayev 2007-ci ildə imzalanmış ikitərəfli sənədlərin, xüsusilə kitabxana və muzey işi sahəsində sazişlərin uğurla həyata keçirildiyini vurğulayıb və bununla əlaqədar Fransa tərəfinə minnətdarlığını bildirib. Nazir Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində, o cümlədən, Fransanın böyük təcrübəsi olan mədəni irsin qorunması, kinematoqrafiya və ədəbiyyat sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini, Azərbaycanın Fransada və Fransanın Azərbaycanda mədəniyyət ilinin yaxud mövsümümünün keçirilməsini təklif edib. Görüş zamanı hər iki nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanla Fransa arasında mədəni əlaqələrin gücləndirilməsində dəstəyini xüsusilə qeyd ediblər.
Bakıda keçirilən beynəlxalq teatr konfranslarını söyləyən Əbülfəs Qarayev iki ölkə arasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Nazir 2015-ci ildə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransanın iştirakının vacib olduğunu bildirmiş və bununla əlaqədar xanım Filippettini forumda iştirak üçün Bakıya dəvət edib. Əbülfəs Qarayev Fransanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədri olmasını nəzərə alaraq, Azərbaycanla Fransa arasında bu cür qarşılıqlı mübadilələrin inkişaf etdirilməsinin ölkəmiz üçün önəmli olduğunu diqqətə çatdırıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB