Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti oldu

Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti oldu

Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyovanın "İthaf" adlı konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, Ülviyyə Hacıbəyova konsertdən əvvəl çıxış edərək, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə reallaşan konsertini görkəmli Azərbaycan bəstəkarları-SSRİ xalq artisti Qara Qarayev, əməkdar incəsənət xadimləri İsmayıl Hacıbəyov, Fərəc Qarayev, bəstəkar Cahangir Qarayev və XX əsrin böyük rus bəstəkarı İqor Stravinskinin yaradıcılığına ithaf etdiyini bildirib.

Professor Ü. Hacibəyova vurğulayıb ki, "İthaf" adlandırdığı konsertin ideyasını ona sənətinə hörmət bəslədiyi Fərəc Qarayev verib.
Konsertin əvvəlində Qara Qarayevin öz övladlarına həsr etdiyi "6 uşaq" və İsmayıl Hacıbəyovun oğlu Məhəmmədə yazdığı "Albomdan səhifələr" əsərləri səsləndirilib.

Maraqlı kompozisiyası olan konsert proqramında hər bəstəkarın əsəri səsləndirilərkən monitorda onun videogörüntüsü də nümayiş etdirilib.
İfası ilə tamaşaçılara yüksək estetik zövq bəxş edən Ülviyyə Hacıbəyovanın konserti böyük maraq, alqış və gül dəstələri ilə qarşılanıb.

Qeyd edək ki, sonda professor Ülviyyə Hacıbəyova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə