“Mən Azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib

“Mən Azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib

YUĞ Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı bədii qiraət müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sayca 4-cü olan "Mən Azərbaycanlıyam" müsabiqəsi Hicaz Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti Məkteb-Lisey Kompleksi və YUĞ Dövlət Teatrının dəstəyi ilə həyata keçirilib. Tədbirin aparıcısı Elməddin Məmmədov olub.

Nəzərinizə çatdıraq ki, müsabiqə boyu iştirakçılar müxtəlif şeirlər səsləndiriblər. Şagirdlərin bacarığı YUĞ Dövlət Teatrının sənətçiləri Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ərtoğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti qiymətləndirib. Xocalı soyqırımına həsr olunmuş müsabiqənin 3 ən yaxşı qiraətçisi aşağıdaki kimi müəyyən olunub.

1-ci yer Əliyeva Günəş - M.Araz "Məndən ötdü"

2-ci yer İsayeva Röya - B.Vahabzade "Ana dilim"

3-cü yer Atakişiyeva Leylaxanım - Ə.Ziyatay "Azərbaycanım mənim"

Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda layihənin icraçı direktoru və ideya müəllifi, Hicaz Productionun direktoru Ayaz Məmmədov Bakı Slavyan Universiteti Məkteb-Lisey Kompleksinin direktoru Telman Cəfərov tərəfindən "Azərbaycan Tarixinin unudulmaması yolunda xidmətlərinə görə" fərmanı ilə təltif edilib. Onu da qeyd edək ki, Xocalı faciəsinə həsr olunmuş "Mən Azərbaycanlıyam" müsabiqəsi silsilə xarakteri daşıyan layihənin növbəti mərhələsidir.

Qeyd edək ki, müsabiqənin final mərhələsi isə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə