Daşkənddə Xocalı faciəsi ilə bağlı mərasim keçirilib

Daşkənddə Xocalı faciəsi ilə bağlı mərasim keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsinə həsr olunmuş mərasim keçirib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və media mənsubları iştirak ediblər. Əvvəl mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və çiçək dəstələri qoymuş, daha sonra AMM-nin həyətində güllərdən hazırlanmış kompozisiya qarşısında şəhidlərin xatirəsinə şamlar yandırılıb. Hüseyn Quliyev Xocalı faciəsi və bu faciənin ağır nəticələri haqqında ətraflı məlumat vermiş, erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş ağlasığmaz cinayətlər haqqında danışmış, hərbi əməliyyat zamanı Xocalı sakinləri- qocalar, qadınlar, uşaqaların amansızcasına güllələndiyini bildirib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasından, Xocalı soyqırımının tanınması istiqamətində görülən işlərdən danışıb: "Artıq Xocalı faciəsini Pakistan, Meksika, Kolumbiya parlamentləri, Amerika Birləşmiş Ştatlarının 14 ştatının qanunverici orqanları tərəfindən tanınıb. Faciə ilə əlaqədar Rumıniya, Çexiya, Serbiya, Honduras, həmçinin Bosniya və Hersoqovina parlamentləri qətnamə qəbul ediblər".

Qeyd edək ki, sonda Xocalı faciəsi ilə əlaqədar "Məhv edilmiş şəhər" sənədli və "Fəryad" bədii filmləri göstərilib. Tədbirdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə Xocalı soyqırımı haqqında göndərilmiş fotoşəkillər və nəşrlər, xüsusi stend, həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin Xocalı soyqırımı haqqında çəkdikləri rəsmlər sərgilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə