“Mən evə qayıdıram” filminin təqdimatı oldu FOTOLAR

“Mən evə qayıdıram” filminin təqdimatı oldu FOTOLAR

Ötən gün Nizami Kino Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar "Mən evə qayıdıram" filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, filmdə Yaşar Nuri, Fuad Poladov, Emil Bədəlov, Elçin Mehdi, Yaqub Zeynalov, Murad Abdullayev, Vladimir Yakovlev, Elşən Hacıbabayev, Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva kimi aktyorlar çəkiliblər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostudiyasında istehsal olunan filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 26 fevralın Azərbaycan xalqının tarixində faciəli günlərdən biri olduğunu diqqətə çatdırıb: "Bu gün Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və şəhid olmuş insanların xatirəsini yad edirik. Əminik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası sayəsində bu soyqırımı haqqında əsl həqiqətlər bütün dünyaya yayılır. Sözügedən film birbaşa Xocalı faciəsi ilə bağlı olmasa da, Azərbaycanın mübariz qəhrəmanlarına həsr olunur və 90-cı illərin əvvəlində baş vermiş real hadisələr üzərində qurulub. Bu filmin qəhrəmanları sırasında mərhum aktyor, xalq artisti Yaşar Nurini də görmək olar. Yaşar Nurinin axırıncı çəkildiyi ekran əsəri məhz "Mən evə qayıdıram" filmidir".

Daha sonra baş rollardan birini ifa edən müğənni Emil Bədəlov da film haqqında təəssüratlarını bölüşüb: "Bu mənim film sahəsində ilk işimdir. Sevinirəm ki, bu filmdə mərhum sənətkarımız, xalq artisti Yaşar Nuri, Fuad Poladov kimi böyük sənətkarlarla bir filmdə rol almışam. Sujet xətti isə olmuş hadisələr əsasında çəkilib. Bu film yaralı yerimiz olan Şuşaya aiddir".

Sözügedən filmin aktyorları Elşən Hacıbabayev və Murad Abdullayev də obrazları haqda məlumat veriblər.

Nəzərinizə çatdıraq ki, "Mən evə qayıdıram" filminin layihəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş və vətənpərvərlik mövzusuna həsr edilmiş ssenarilər və layihələr müsabiqəsinin qaliblərindən biridir.

Rejissor Samir Kərimoğlu filmin çəkilişlərinə 2011-ci il fevralın 26-da başladıqlarını və üç ilə ərsəyə gəldiyini söyləyib: "Filmdə yerli aktyorlarla yanaşı, Rusiyadan dəvət olunmuş aktyorlar da rol alıblar. Həmçinin filmin ərsəyə gəlməsində əməyi olan bütün qurumlara minnətdarlığımı bildirirəm".

Filmin nümayişindən əvvəl yaradıcı heyət səhnəyə dəvət edilib.

Qeyd edək ki, hərbi vətənpərvərlik mövzusunda çəkilmiş ekran əsəri Azərbaycanın ən çətin illərində keçmiş sovet ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin xatirəsinə ithaf edilib. Sonda film nümayiş olunub və böyük alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə