Bu gün Su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.

İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və etiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaq, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaq. İynələr suyun dibinə çökərsə, o halda bu su "lal su" deyildir.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Bu kimi xalq inancları haqda SİA-ya filologiya üzrə elmlər doktoru Mahmud Allahmanlı ətraflı məlumat verib: "Dini kitablarımızda, əfsanəvi əsərlərdə də su ilə bağlı ətraflı məluatlar yer alır. Bütün dini kitablarda dünyanın başlanğıcında suyun durduğu göstərilir. Eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanında da vurğulanır ki, su haqqın görünüşüdür. Xalqımız öz adət-ənənələrini, düşüncələrini, arzularını Novruz bayramındakı mərasimlərdə əks etdirməyə çalışırlar. Novruz bayramı insanların arzu-istək anıdır. Xalqımız bu bayramda çalışır ki, bütün adətlərə uyğun qeyd etsin. Dünyanın dörd ünsüründə su bir istiqamətdir. Bunların hamısı bəşər övladının inam yerləridir. Bütün bu adət-ənənələr insanları birliyə, bərabərliyə çağırır. Bizlər çalışmalıyıq ki, öz tarixi adətlərimizi yaşadaq və gələcək nəsillərə də çatdıraq".

Qeyd edək ki, Novruzun ilk çərşənbəsi fevralın 25-nə, ilaxır çərşənbə isə martın 18-nə təsadüf edəcək. Ölkədə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB