Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, tanınmış ictimai xadim, xalq artisti Süleyman Ələsgərovun 90 illik yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirin iştirakçıları əvvəlcə sarayın foyesində görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Nəzərinizə çatdıraq ki, Ələsgərovun həyat və fəaliyyətindən geniş söhbət açılmış, boya-başa çatdığı gözəl Şuşanın mədəni mühitini, görkəmli bəstəkara həsr olunmuş ədəbi-musiqili kompozisiya və videosüjetlər nümayiş etdirilib.
Süleyman Ələsgərovun dünyaya göz açdığı Şuşanın musiqi mühiti uşaqlıqdan onda sənətə maraq oyadıb. Şəhərdə musiqi texnikumu açılanda isə balaca Süleyman sevincindən yerə-göyə sığmırdı. O, həm musiqi, həm də pedaqoji texnikumlarda, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Diqqətə çatdırılıb ki, Böyük Vətən müharibəsi illərində digər bəstəkarlar kimi, gənc Süleyman Ələsgərov da əsgərləri ruhlandırmaq üçün mahnılar bəstələyib. Onun məşhur "Gözlə məni" romansı ilk dəfə böyük müğənni Bülbülün ifasında səslənib. Bu romansdan sonda dahi Üzeyir Hacıbəyli tələbəsi Süleyman Ələsgərovun yaradıcılığına xüsusi diqqət yetirib.
Süleyman Ələsgərov müxtəlif vaxtlarda Bakı orta ixtisas musiqi məktəbinin müəllimi, direktoru, Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin nəzdində orkestrin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin incəsənət idarəsinin rəisi vəzifələrində çalışmış, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olub. Süleyman Ələsgərov, həmçinin Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin dirijoru, Respublika Televiziya və Radio Komitəsinin bədii rəhbəri, Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) direktoru və baş dirijoru, Azərbaycan SSR Maarif Nazirliyinin musiqi estetik tərbiyəsi üzrə tədris metodiki şurasının rəhbəri və digər vəzifələrdə işləmiş, 1991-ci ildən ömrünün sonunadək konservatoriyanın Şuşa filialının rektoru olub.
Süleyman Ələsgərovun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifələrindən biridir. Onun zəngin yaradıcılığı Azərbaycan professional musiqisinin demək olar ki, bütün janrlarını əhatə edib.
Qeyd edək ki, mərasimdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə incəsənət ustalarının, eləcə də Azərbaycan Dövlət fortepiano triosunun ifasında bəstəkarın "Gözəl Şuşa", "Gözlə məni" və digər əsərləri səsləndirilib.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB