“YAY” Qalereyasında Azərbaycanın Əməkdar Rəssamı Müseyib Əmirovun fərdi sərgisi açılacaq
Fevralın 28-də "YARAT!" Müasir İncəsənət Məkanının "YAY" Qalereyasında Azərbaycanın Əməkdar Rəssamı Müseyib Əmirovun "İki vəziyyət" adlı fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) və Rəssamlıq Texnikumunun məzunu olan rəssam özü də müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında eksperimental rəsm ixtisasını tədris edib.
Hazırda Müseyib Əmirov müstəqil rəssam kimi fəaliyyət göstərir. Onun sənət işləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilərək dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.
Rəssamın əsərləri, həmçinin Fransa, ABŞ, Lüksemburq də digər ölkələrdə keçirilmiş Beynəlxalq incəsənət sərgilərində böyük müvəffəqiyyətlə sərgilənib.
Müseyib Əmirovun fərdi sərgisinin keçiriləcəyi Bakının "YAY" Qalereyası bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilib. Qalereyada təqdim edilən sənət əsərlərinin satışından əldə olunan gəlir rəssamların dəstəyinə yönəlmiş "YARAT" qeyri-kommersiya təşkilatının çoxsaylı layihələrinin reallaşmasına istiqamətlənir. Qalereyada mütəmadi olaraq mühazirələr, videonümayişlər və ustad dərsləri keçirilir.
Qeyd edək ki, tanınmış rəssam Müseyib Əmirovun "İki vəziyyət" adlı fərdi sərgisi bu il martın 19-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB