Prezident başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev və hökumət rəhbərliyi Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Şərifovanın vəfatı ilə bağlı başsağlığı verib.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. SİA-nın məlumatına görə, milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Abbasmirzə qızı Şərifova 2014-cü il fevralın 20-də ömrünün 91-ci ilində vəfat edib.

Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. 1931–1941-ci illərdə orta məktəbdə oxuyarkən Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1947-ci ildə həmin ali məktəbin vokal fakültəsini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Musiqili Komediya Teatrında aktrisa kimi başlayan Firəngiz Şərifova 1949–1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961–1965-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. O, 1965-ci ildə yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıtmış və 2011-ci ilədək taleyini bu sənət ocağı ilə bağlayıb.

Milli teatrın və kinematoqrafiyanın inkişafında təqdirəlayiq xidmətləri olan Firəngiz Şərifova müasir Azərbaycan mədəniyyəti salnaməsində özünəməxsus yer tutan görkəmli sənətkarlardandır. Böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində zəngin teatr sənəti mühitində yetişərək o, çox sayda tamaşalarda və bədii filmlərdə canlandırdığı surətlər qalereyasını böyük ustalıqla güclü xarakterlər səviyyəsinə yüksəltməyə müvəffəq olub. Daxili zənginliyindən gələn səhnə mədəniyyəti və təkrarolunmaz fərdi ifadə üslubu Firəngiz xanıma sənətsevərlərin dərin rəğbətini qazandırıb.

Sənətin estetik prinsipləri əsasında Firəngiz Şərifovanın milli teatr səhnəsində istedadla yaratdığı rəngarəng rollar tamaşaçıların yaddaşında silinməz izlər qoyub. O, özünün dramatik təbiəti və əlvanlığı ilə seçilən ifa tərzinə daim yeni-yeni çalarlar əlavə edib. Sənətkar gənc tamaşaçıların bədii zövqünün formalaşdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması işinə layiqli töhfələr verib.
Azərbaycan kinosunda Firəngiz Şərifovanın həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək, parlaq ekran obrazları olub uğurlu tale yaşayıb. Aktrisanın müxtəlif televiziya tamaşalarında professionallıqla oynadığı rollar qiymətli sənət nümunələri olaraq milli televiziyanın fondunda qorunub saxlanmaqdadır. Onun sənətdə altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyorlar nəsli üçün əsl məktəbdir.

Firəngiz Şərifovanın Azərbaycan teatr və kino sənətinin inkişafı sahəsindəki mühüm xidmətləri yüksək dəyərləndirilib. O, bir sıra mükafatlar və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülüb.
Görkəmli sənətkar, qayğıkeş və səmimi insan Firəngiz xanım Şərifovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Hicran Hüseynova
Azər Paşa Neymətov
Şəfiqə Məmmədova
Cənnət Səlimova
Amaliya Pənahova
Vaqif Əsədov
Tariyel Qasımov
Nurəddin Mehdixanlı
Ağaxan Salmanlı

Bütün xəbərlər Facebook səhifəmizdə