Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Xalq Rəssamı Tofiq Ağababayevin 85 illik yubileyi münasibətilə rəssamın fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Xalq Rəssamı Səlhab Məmmədov, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən sərgidə rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərləri nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov tanınmış fırça ustasının özünəməxsus yaradıcılığından söhbət açıb: "Tofiq Ağababayevin əsərləri bənzərsizliyi ilə seçilir. Onun əl işlərində həyatın mənası, görüb-duyduğu dünyası əks olunub. Rəssam öz əsərlərində Azərbaycan rəssamlıq məktəbinin ənənələrini ustalıqla yaşadır".
Mərasimdə Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Xalq Rəssamı Səlhab Məmmədov və digərləri rəssamın fəaliyyətindən və Azərbaycan incəsənətinin inkişafına verdiyi töhfələrdən danışıblar. Mərasimdə çıxış edən yubilyar sərgi təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Daha sonra sərginin açılış mərasimi olub.
Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində almış, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbinin (indiki Baron Stiqlits adına Rəssamlıq Akademiyası) keramika-şüşə fakültəsində təhsilini davam etdirib.
Yaradıcılığının ilk illərindən özünün fərdi üslubu ilə fərqlənən rəssam, dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ tətbiqi sənət növlərində də əsərlər müəllifi kimi özünü tanıda bilmişdir. Mənzərə, natürmort, portret janrlarında işlədiyi "Köhnə Bakı mədənləri", "Sufi Həmid", "Qırmızı şlyapa", "Abşeron kəndi", "Azərbaycan lirikası" adlı keramik triptix, "Füzulinin portreti", "Şeyx Şamil", "İzzət Orucova", "İlyas Əfəndiyevin portretləri, "Narla natürmort" və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik istedadlı sənətkar olduğuna əyani sübutdur.
O, müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daim qiymətləndirilmişdir. O, Əməkdar Ali Məktəb İşçisi, Əməkdar Incəsənət Xadimi, Xalq Rəssamı fəxri adlarına layiq görülmüşdür. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi pedaqoji fəaliyyətlə də məşğuldur.
Qeyd edək ki, sərgi fevralın 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB