Bu gün dünyasını dəyişən xalq artisti Firəngiz Şərifova ilə Teatr Xadimləri İttifaqının "Aktyorlar Evi"ndə keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, mərasimdə aktrisanın sənət dostları, ailə üzvləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak ediblər.
Mərasimi Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev açaraq Azərbaycan xalqına baş sağlığı verib: "Bu gün bizlər görkəmli sənətkarımızı itirdik. Firəngiz xanım xoşbəxt sənətkarlardandır, çünki onun üçüncü nəslinin də davamçısı Azərbayycan mədəniyyətinə öz töhvələrini verib. Onun bir-birindən maraqlı kino və teatr obrazları bu gün də sevilir. Firəngiz xanım teatrı və ümumilikdə Azərbaycan mədəniyyətini dərindən anlayan sənətkar idi. Onu da deyim ki, burada vidalaşma mərasiminin keçirilməsi heç də təsadüfi deyil. Çünki "Aktyorlar Evi" Firəngiz xanımın atası Abbasmirzə Şərifzadənin adını daşıyır".
Daha sonra xalq artisti Ağaxan Salmanlı da çıxış edərək Firəngiz Şərifova ilə eyni səhnəni bölüşdüyü üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Biz öz sənətkralarımızın dəyərini itirdikdən sonra anlayırıq. O, hər zaman gənclərə örnək olub. Firəngiz xanım adını son gününə qədər ləyaqətlə daşıdı. O, drammatik aktrisa olduğuna baxmayaraq, komediyanı da peşəkarlıqla ifa edib. Sevinirəm ki, Azərbaycan bu cür sənətkar yetişdirib".
Vida mərasimində Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, xalq artisti Azər Paşa Nemətov və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
Sonda xalq artisti Firəngiz Şərifovanın nəvəsi, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov da nənəsi haqqında danışıb: "Bu gün mənim üçün danışmaq çox çətindir. Sonuncu dəfə nənəmi 2 gün əvvəl gördüm. Həyatımda bu anları keçirəcəyimi heç bir zaman təssəvvür etməmişəm. Bu nəinki bizim ailəmizin, hətta bütün Azərbaycan xalqının faciəsidir. O, çox güclü sevgiyə malik insan idi. Nənəm səhnəyə, övladlarına, nəvələrini çox bağlı idi".
Çıxışların yekunundan sonra xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.
Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifzadə 1924-cü il fevralın 6-da Bakı şəhərində doğulub. Milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 1960-cı ildə əməkdar artist və 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB