Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Əməkdar rəssam Elçin Aslanovun 80 illik yubileyinə həsr olunmuş "Neominiatür" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, tədbiri nazirliyin İncəsənət şöbəsinin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov açaraq tanınmış fırça ustasının yaradıcılığını yüksək qiymətləndirdi, onun müasir təsviri sənətimizdə özünəməxsus yeri olduğunu vurğulayıb. Nazir Əbülfəs Qarayevin yubilyara təbriklərini çatdıran sektor müdiri dövlətimizin mədəniyyət, incəsənət sahəsində çalışanlara daim diqqət və qayğı göstərdiyini bildirib.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Elçin Aslanovun həyat və sənət yolundan danışıb.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov Elçin Aslanovun yaradıcılıq məziyyətlərindən danışaraq onu yüksək bədii zövqə sahib rəssam, əsərləri ilə öz auditoriyasını düşündürməyi və təəccübləndirməyi bacaran sənətkar kimi xarakterizə etdi. Bildirib ki, tanınmış rəssam teatrda bir sıra tamaşalara səhnə tərtibatı verib, bu sahədə öz izini qoyub.
Tədbirdə çıxış edən Elçin Aslanov yubiley sərgisinin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Sonra rəssamın neominiatür janrında müxtəlif illərdə yaratdığı bir-birindən maraqlı əl işləri həm rəsm, həm də elektron formada nümayiş olunub. Sərgidə həmçinin Elçin Aslanovun müəllifi olduğu və tərtibat verdiyi kitablar da yer alıb.
Qeyd edək ki, əməkdar rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. 1964-cü ildən Akademik Dram Teatrında bir çox tamaşaların bədii tərtibatçısı, cizgi filmlərinin quruluşçu rəssamı, 1973-cü ildə "Nəsimi" bədii filminin geyim üzrə rəssamı olub. Kitab qrafikası, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışıb. Uşaqlar üçün 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Tanınmış fırça ustasının sərgisi fevralın 22-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB