Bu gün qəzəlxan Əliağa Vahidin doğum günüdür. SİA-nın məlumatına görə, Əliağa Vahid 1895-ci ildə Bakı şəhərində anadan olub.
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və başqa şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib
Qeyd edək ki, Əliağa Vahid 1965-ci ildə Bakıda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB