“Neo-miniyətür” sərgisi

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində "Neo-miniyətür" Əməkdar Rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, E.Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub.

1964-cü ildən Akademik Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı, 1968-69-cu illərdə kinostudiyada "Cırtdan" cizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə isə "Nəsimi" bədii filminin ərsəyə gətirilməsində geyimlər üzrə quruluşçu rəssam kimi çalışıb. Təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışıb. O, həm də kiçik yaşlı uşaqlar üçün nəşr olunub, 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. E.Aslanov 1982-87-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. Uzun müddət miniatür sənətinin təbliği ilə məşğul olub. 2002-ci ildə Əməkdar Rəssam fəxri adına layiq görülmüşdür. Hal-hazırda kompyuter qrafikası sahəsində çalışır.

Qeyd edək ki, tədbirin açılışı 18 fevral, saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə