Vaqif Əliyev: “Hər il Azərbaycana 2 milyon turist gəlir” MÜSAHİBƏ
Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin müsahibəsini SİA oxucularına təqdim edirik:
- Son zamanlar ölkəmizdə Turizm sahəsində nə kimi dəyişikliklər olub?
- Hazırda ölkəmizdə turizmin inkişafına böyük diqqət ayrılıb. Bildiyiniz kimi, cənab prezident İlham Əliyev son çıxışında brend mehmanxanalarla yanaşı, 2, 3, 4 ulduzlu otellərin də tikintisinə başlanılması barədə göstəriş verib. İndi o işlərlə bağlı ciddi hazırlıqlar gedir. Onu da deyim ki, ölkəmizdə turistlərin sayı da artmaqdadır. Hər il Azərbaycana 2 milyon turist gəlir. Həm Turizm Nazirliyi, həm də özəl sektorlar turistlərin sayının artmasının marağındadır. Müqayisə üçün deyə bilərik ki, qonşu Turkiyədə və başqa ölkələrdə turistlərin sayı nə qədər artırsa, onun iqtisadi qüdrəti də bir o qədər yüksəlir. Qəbul edək ki, turizm Azərbaycan üçün yeni bir sahədir. Buna baxmayaraq, ölkəmizdə turizm sahəsi artıq yetərincə inkişaf edir.
- Sizcə vətəndaşlarımızın xarici ölkələrə üz tutmalarına əsas səbəb nədir?
- Doğrudur, bu gün vətəndaşlarımızın əksəriyyəti istirahət üçün xarici ölkələri seçirlər. Düşünürəm ki, insanların başqa ölkələrə üz tutmalarına səbəb qiymətlərin yüksək, xidmətlərin isə zəif olmasıdır.
- Qiymətləri tənzimləmək üçün Mədəniyyət və Turizm Nazirliyi hansı işləri görür?
- Biz bazar iqtisadiyyatında yaşayırıq. Qiymətə təsir göstərdikdə turizm şirkətlərinin bağlanmasına, həmçinin bu sahənin müəyyən qədər məhdudlaşdırılmasına gətirib çıxarar. Azərbaycanda banklarda qiymətlər aşağı düşdükcə, turizm sahəsində də azalma ola bilər. Bu da təbii haldır. Bir sözlə, narahatçılığa heç bir əsas yoxdur. Ancaq onu deyim ki, qiymətlər mütləq aşağı düşəcək. Bu dövlətin nəzarətindədir.
- Bildiyiniz kimi dövlət başçısı seriallar üçün yetərincə pul ayırıb. Həmin pulla çəkilən seriallar sizi qane edirmi?
- Bilirsiniz, hazırda bu sahə bizdə yenidir. Zaman keçdikcə seriallarımız da müəyyən qədər inkişaf edəcək. Qəbul edirik ki, Sovet dövründə çəkilən filmlərlə, hazırda yayımlanan kinolar arasında fərq var. Çünki filmləri ayrı-ayrı şəxslər çəkirlər. Özəl şirkətlər də onlara maddi baxımdan dəstək olur. Düşünürəm ki, peşəkarlardan daha çox istifadə olunmalıdır.
- Azərbaycan kino mərkəzlərində tamaşaçılara yerli filmlərdən çox, xarici kinolar təqdim olunur. Nə üçün yerli filmlərimizə az yer verilir?
- Son dövrlər Azərbaycanda bu sahədə xeyli irəliləyiş var. Bir müddət maliyyə çətinlikləri baxımından kinostudiyalarda filmlər az çəkilirdi. Sevindirici haldır ki, artıq ölkəmizdə hər il ümumilikdə 50-60-dan çox film çəkilir. Təbii ki, bu da inkişafdan xəbər verir. Filmlərimizin keyfiyətində problem ola bilər. Onu da deyim ki, bir çox mütəxəssislərimiz vətəni tərk edərək xaricdə yaşayırlar. Bu da kinolarımızın zəifləməsinə təsir edir. Ancaq hazırda gənc rejissorlarımız yetişir. Onlara vaxt verməliyik. Düşünürəm ki, hər şey qaydasına düşəcək.
- Hazırda yaşlı aktyorlarımız çalışdıqları teatrlardan uzaqlaşdırılır. Səbəb olaraq, onların yaş həddi göstərilir. Bu barədə nə deyə bilərsiniz?
- Məncə "Yaşlı nəslin aktyorları vəzifələrindən uzaqlaşdırılıb", ifadəsi düzgün deyil. Çünki onların hər biri müqavilə əsasında işləyirlər. Yəni tamaşalara dəvət alırlar və bunun müqabilində məvacib qazanırlar. Təcrübəli, peşəkar, xalq tərəfindən sevilən aktyor çalışdığı teatrdan uzaqlaşdırıla bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB