“Qafqaz Qüdsü” adlı elmi-kütləvi film çəkilir

“Qafqaz Qüdsü” adlı elmi-kütləvi film çəkilir

Moskvadakı dağ yəhudiləri icması Azərbaycan yəhudiləri, ilk növbədə Qubanın dağ yəhudiləri haqqında "Qafqaz Qüdsü" adlı elmi-kütləvi filmin çəkilişlərinə başlayıb. SİA-nın məlumatına görə, film çəkmək ideyası "Aleksandr Düma Azərbaycanda" sənədli filminin çəkilişləri zamanı yaranıb. Həmin filmin məsləhətçisi Bakının tarixini tətbiq edən görkəmli alim Fuad Axundovdur.
"Qafqaz Qüdsü" filminin ssenari müəllifləri Fuad Axundov və Sergey Vanşteyndir. Filmin prodüseri STMEQİ fondunun prezidenti, mesenat və ictimai xadim German Zaxaryayevdir.
Film Azərbaycan Dövlət Tarix Arxivinin materialları əsasında çəkilib. Hazırda film üzərində işin hazırlıq mərhələsi başa çatıb.

Bu, dağ yəhudilərinin dünyada qorunub saxlanmış yeganə yığcam yaşayış yeri olan Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbənin timsalında tarixdə ilk dəfə olaraq dağ yəhudiləri haqqında çəkilmiş elmi-kütləvi filmdir.
Qafqazdakı yəhudi məskənləri çox qədim zamanlardan məlumdur. Lakin dağ yəhudiləri haqqında məlumat çox azdır. Onlar israillilərin itirilmiş on qolunun nəsilindəndir, yoxsa onların kökləri qədim Xəzər xaqanlığına gedib çıxır? Bəlkə onlar eramızdan əvvəl VI əsrdə İran şahı Kir tərəfindən Babil köləliyindən azad edilmiş, sonra isə Qafqazda məskən salmış yəhudilərin varisləridir? Yoxsa nəyə görə Quba? Axı Dərbənddə daha qədim məskən olub (Qüdsün müqəddəs Talmud kitabında rabbi Safra ad-Derbendi haqqında xatirələr eramızın III yüzilliyinə aiddir), Mahaçqalada, Nalçikdə, Mozdokda xeyli əvvəl daha çoxsaylı icmalar yaşayıblar.

Nəzərinizə çatdıraq ki, filmdə Qubanın Qırmızı qəsəbə fenomeni XVIII əsrin ortalarında Ümumqafqaz tarixi baxımından açılır. Məhz həmin dövrdə Quba xanı Hüseynəli xan yaxınlıqdakı kəndlərdə pərakəndə şəkildə yerləşmiş yəhudiləri Qudyalçayın sol sahili boyunca yerləşdirməyi qərara alıb.

Qeyd edək ki, film muğamlarla və yəhudilərin ənənəvi melodiyaları ilə müşayiət olunur ki, bu da Qırmızı Qəsəbənin əsrarəngizliyini və koloritini yaratmağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə