Görkəmli polyak bəstəkarı Frederik Şopenin musiqisinə yazılmış "Şopeniana" baletinin premyerası keçiriləcək. SİA-nın məlumatına görə, orkestr işləməsi Aleksandr Qlazunova məxsus olan "Şopeniana" ilk dəfə 1909-cu ildə tanınmış rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Klassik balet sənəti tarixində çox böyük əhəmiyyəti olan "Şopeniana" ilk dəfə olaraq baletmeysterlərə rəqs üçün nəzərdə tutulmamış klassik musiqidən balet tamaşalarında istifadə etməyə imkan verib.
"Şopeniana" süjetsiz balet olub nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətinin, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.
Nəzərinizə çatdıraq ki, premyera tamaşasında balet truppasının aparıcı solistləri xalq artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcəklər. Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Qeyd edək ki, "Şopeniana" baletinin premyerası fevralın 16-sı, saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB