Firəngiz Əlizadə almaniyalı bəstəkarların siyahısındakı layihəyə cəlb edilib

Firəngiz Əlizadə almaniyalı bəstəkarların siyahısındakı layihəyə cəlb edilib

Müasir musiqinin fəlsəfi-estetikasını yenidən yaradan, avanqard musiqinin patriarxı hesab edilən, məşhur amerikan bəstəkarı Con Keycin anadan olmasının 100 illiyinə həsr edilən "Mega-music" layihəsi barədə xəbər vermişdik. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində 50 bəstəkar olmaqla Almaniyanın və Amerikanın 100-dək tanınmış bəstəkarlarının iştirakı ilə "Cage-100" əsəri hazırlanıb. Bu əsərin özəlliyi ondadır ki, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki bəstəkarın not sətirlərini davam etdirib. Dünya şöhrətli bəstəkaırımız, xalq artisti, professor Firəngiz Əlizadə Almaniyalı bəstəkarların siyahısında bu layihəyə cəlb edilib.

Müasir musiqinin ən yeni texnologiyalarının əks olduğunu "Mega-music" layihəsinin premyerası oktyabrın 17-də Nyu-Yorkda "Miller-Theatr"ın Böyük Zalında dirijor Riçard Qarrikin idarəsi ilə baş tutub. Premyeradan əvvəl isə Almaniyanın Leypsiq şəhərində layihədə iştirak edən bəstəkarların əlyazma not yazılarının sərgisi təşkil edilib.

Artıq ötən ayın sonlarından etibarən "Cage-100" layihəsinin Avrodada premyerasına start verilib. Belə ki, dirijor Riçard Qarrikin idarəsi ilə yanvarın 23-də Almaniyanın Leypsiq, yanvarn 25-də Veymar, yanvarın 27-də isə Berlində əsərin premyerası baş tutub.

Əsərin əlyazması isə nəfis şəkildə nəşr edilib və layihədə iştirak edən bəstəkarlara hədiyyə olunub. Firəngiz Əlizadə layihədə 88-ci sırada qərarlaşıb.

Nəzərinizə çatdıraq ki, sözügedən layihənin Fransada həyata keçirilməsi planlaşdırılır. Vaxtilə bəstəkarın sağlığında onun əsərlərinin ifalarını idarə edən məşhur dirijor Pyer Bulez "Cage-100" əsərini Fransada təqdim etmək üçün layihənin təşəbbüskarı və təşkilatçısı "FZML" şirkəti ilə razılıq əldə edib.

Firəngiz xanımın yaradıcılığı ilə bağlı yeniliklər bununla kifayətlənmir. Belə ki, dünya şöhrətli britaniyalı violonçel ifaçısı Metyu Barleyin yenicə işıq üzü görən diskində müasir musiqinin görkəmli simalarından olan Şostakoviç, Şnitke və Arve Partla yanaşı dünya şöhrətli bəstəkarımızın "Habilsayağı" əsəri də yer alıb. "Müasir violonçel musiqisi" adlı disk bu günlərdə İngiltərənin "Quarts" şirkəti tərəfindən satışa çıxarılıb.

Qeyd edək ki, Firəngiz xanımın 35 il əvvəl bəstələdiyi "Habilsayağı" əsəri artıq 12-ci dəfədir ki, dünyanın məşhur səs-yazma şirkətləri tərəfindən ərsəyə gətirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə