64-cü Berlin kinofestivalı “Qrand Budapeşt oteli” filmi ilə açılacaq

64-cü Berlin kinofestivalı “Qrand Budapeşt oteli” filmi ilə açılacaq

64-cü Berlin kinofestivalı Amerika rejissoru Ues Andersonun "Qrand Budapeşt oteli" adlı yeni filminin nümayişi ilə açılacaq. SİA-nın məlumatına görə, bu kinofestival hər il Almaniya paytaxtında qış mövsümünün ən başlıca mədəni hadisəsinə çevrilir. Fevralın 17-dək davam edəcək kinoforumda bu dəfə təxminən 400 film nümayiş etdiriləcək. Əsas proqram üçün seçilmiş 20 film Berlinalenin başlıca mükafatı - "Qızıl ayı" uğrunda mübarizə aparacaq. Hər il Berlinaledə filmlərin nümayişinə 300 minədək adam gəlir ki, bu da onu dünyanın ən baxımlı kinoforumları cərgəsinə qatır.

Nəzərinzə çatdıraq ki, Amerika rejissoru Riçard Linkleyterin "Yeniyetməlik dövrü" filmi (rollarda Patrisiya Arket və İtan Houk), Fransa kinematoqrafının əfsanəsi, 91 yaşlı Alen Renenin "Sevmək, içmək və oxumaq" filmləri əsas mükafatlara namizəddir. Fransalı rejissor Rəşid Buşarebin "Düşmənin yolu", Yaponiya istehsalı olan "Kiçik ev", Amerika istehsalı olan "Yüksəkdə" (Killian Merfi ) və yunan rejissoru Yannis Ekonomidesin "Stratlar" filmləri müsabiqənin əsas proqramında nümayiş etdiriləcək.

Almaniya kinematoqrafı əsas müsabiqədə dörd filmlə təmsil olunacaqdır. Argentina, Norveç, Avstriya, İspaniya və Çin filmləri də müsabiqə proqramı üçün seçilib. "Qozbel dağ" filmi ilə tanınan prodüsser Ceyms Şamusun başçılıq etdiyi münsiflər heyəti fevralın 15-də festivalın laureatlarını elan edəcəkdir. Baxış bir gün sonra böyük kinonümayişlə başa çatacaq.

Qeyd edək ki, Berlinaleyə paralel olaraq, Almaniya paytaxtında kinematoqrafiya sahəsinin nümayəndələrinin görüşdüyü ənənəvi məkana çevrilən Avropa Kino Bazarı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə