Fevral ayının 6-da Azərbaycan teatrının canlı korifeyi, görkəmli sənətkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti, Şöhrət ordenli Firəngiz Şərifzadənin 90 yaşı tamam olub. Teatrdan SİA-ya verilən məlumata görə, bu münasibətlə teatrın bir qrup əməkdaşı, başda teatrın direktoru, əməkdar artist Mübariz Həmidov olmaqla, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva onu ziyarət edərək, doğum günü münasibətilə təbrik ediblər.
Onun ifa etdiyi müxtəlif tamaşalardakı maraqlı, rəngarəng obrazlar qalereyası sənətkarı xalqın sevimlisinə çevirmişdir. Dolğun xarakterlər və yaradıcılıq çoxşaxəliliyi ilə seçilən aktrisa oynadığı rollarla tamaşaçıların yaddaşında silinməz izlər qoyub. İstedadı, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığına malik aktrisa "Söhrab və Rüstəm" (İskəndər Coşğun), "Anacan" (Yusif Əzimzadə), "Keçən ilin son gecəsi" (Anar), "Sən nə üçün yaşayırsan?" (İmran Qasımov, Həsən Seyidbəyli), "Rübailər aləmində" (Məmmədhüseyn Təhmasib), "Yazığam, sevmə məni" (Əkrəm Əylisli), "Şəhidlər" (Bəxtiyar Vahabzadə), "Mahmud və Məryəm" (Elçin), "Ağ Dəvə" (Elçin), "Nənənin kələyi" (Əhməd Orucoğlu) və digər tamaşaları ifa edib.
Qeyd edək ki, Azərbaycan teatrının korifeyləri – Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gələn kiçik Firəngizin böyük səhnəyə ilk debütü hələ 3 yaşı olarkən baş tutub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB