Turizm şirkəti teatra üz tutur

Azərbaycan mədəniyyətinə və incəsənətinə, milli-mənəvi dəyərlərimizə çox böyük sevgi ilə yanaşan MSN TOUR MMC ölkəmizin qocaman sənət məbədi, bu yaxınlarda tamamilə yenidən qurulub tamaşaçıların ixtiyarına verilən Azərbaycan Dövlət Musiqili Teatrı ilə bərabər yeni bir ilkə imza atır. SİA-nın məlumatına görə, bu yeni layihə hər bir tamaşaçıya qəlbinin dərinliklərində gizli saxladığı arzunu gerçəkləşdirmək – özünü böyük səhnədə rejissor, aktyor, dirijor, rəssam - bir sözlə, yeni tamaşanın yaradıcılarından biri kimi sınamaq imkanı verəcək.

Layihə ilə bağlı öz fikirlərini bizimlə bölüşən şirkətin rəhbəri, gənc iş adamı Turan İsayev bildirib: "Şirkətlə bağlı olan müştərilər, asudə vaxtlarını daima birlikdə keçirmək istəyən insanlar dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin bir əsrdən çox Musiqili Teatrın səhnəsindən düşməyən "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında öhdəsindən gələ bildikləri hər hansı bir işdə qüvvə və bacarıqlarını nümayiyş etdirmək üçün seçimlərə qatıla bilərlər. Qərara gəlmişik ki, tamaşanın bütün yaradıcı heyəti məhz bizim turlarda fərqlənənlər arasından seçiləcək və həvəskarların köməyi ilə hazırlanacaq tamaşa, həm teatrın böyük səhnəsində, həm də MSM TOUR MMC-nin xətti ilə təşkil olunacaq "Dünyaya səyahət" turnesində oynanılsın. Bu böyük və görünməmiş fürsətdən yararlanmaq, istedadlarını və qabiliyyətlərini üzə çıxarmaq istəyənlər bizə müraciət edə bilərlər. Onu da diqqətinizə çatdırım ki, layihə iştirakçılarını saysız hədiyyə və mükafatlar gözləyir".

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev isə bildirdi ki, şəhərin tanınmış turizm şirkətlərindən olan MSN TOUR MMC ilə teatr rəhbərliyi arasında bir sıra maraqlı işlərin görülməsinə start verilib: "Biz çox istəyirik ki, turizm şirkətlərinin marşurutu ilə şəhərimizdə qonaq olan turistlər bizim tamaşalara da baxsınlar. Elə bilirik ki, milli mədəniyyətimizin, teatr sənətimizin təbliği belə tədbirlərdən də çox asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə