Tariyel Qasımov: “Bizim rejissorlar kordurlar, mənim kimi usta sənətkarı filmlərə çəkmirlər” MÜSAHİBƏ FOTO

Tariyel Qasımov: “Bizim rejissorlar kordurlar, mənim kimi usta sənətkarı filmlərə çəkmirlər” MÜSAHİBƏ FOTO

Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Tariyel Qasımovun müsahibəsini SİA oxucularına təqdim edirik:

- Bildiyimiz kimi, aprel ayının 1-də Gənc Tamaşaçılar Teatrında 75 illik yubileyiniz təntənəli qeyd olunacaq. İlk öncə təəssüratlarınızı öyrənmək istərdik?

- Hazırda Gənc Tamaşaçılar Teatrında yubileylə bağlı hazırlıqlar gedir. Gecənin quruluşu Bəhram Osmanova tapşırılıb. Əminəm ki, yubiley gecəsi maraqlı keçəcək. Onu da deyim ki, yubileyim doğulduğum Ağstafa şəhərində də qeyd ediləcək.

- Son zamanlar ölkəmizdə kifayət qədər seriallar və filmlər çəkilir. Ancaq sizi yeni seriallarda görmürük. Buna səbəb nədir?

- Əslində, məni bütün seriallara dəvət edirlər. Sadəcə özüm qəbul etmirəm. Çünki elə adamlar serial çəkirlər ki, onların rejissorluqdan heç bir anlayışı yoxdur. Amma Asif Abramovun lentə aldığı 24 bölümlük "Muradına çatan Günəş" serialında çəkilməyə razılıq verdim. Burada "Həmid" palkovnik rolunu ifa etmişəm. Bu serialdan imtina etməməyimə səbəb rejissorun 3 il Türkiyədə peşəkarlıqla çalışması olub. O, həmçinin "Kurtlar Vadisi Pusu" serialında da rejissor köməkçisi işləyib. Onun gördüyü işlərə etibar etdiyim üçün, təklifini qəbul etdim.

- Yəni, ölkəmizdə çəkilən serialların peşəkarlıq səviyyəsi sizi qane etmir?

- Yerli seriallarda müəyyən qədər inkişaf var. Ancaq ümid edirəm ki, zamanla qələmə aldığımız əsərlər ssenariləşdirilib, ekranlaşdırılacaq.

- Yerli seriallardan hansını bəyənirsiniz?

- Rövşən İsaxın rejissorluq etdiyi "Pərvanələrin rəqsi" serialını çox bəyənirəm. Onun həmçinin "Aktrisa" filmi də təqdirə layiqdir. Əgər Rövşən İsaxdan təklif gəlsə, qəbul edərəm. Çünki onun çəkdiyi filmlərin yüksək səviyyədə olacağına əminəm.

- Bəs gənc aktyorlarımızın işindən razısınızmı?

- Bəzən gileylənəndə ki, gənc nəslin aktyorlarında narazıyam, məndən inciyirlər. Onlarda da günah görmürəm. Biz də tələbə olanda özümüzü güclü, peşəkar aktyor sanırdıq. Lakin teatra gəlib peşəkarlıq baxımından güclü aktyorları görəndə anladıq ki, biz onların yanında çox zəifik. Xüsusilə diqqətinizə çatdırım ki, hazırda bəzi aktyorlarımız yaş həddinə görə işlərindən uzaqlaşdırılır. Bu zaman ortaya belə bir sual çıxır ki, gənclərimiz kimə baxıb öyrənəcəklər? İllər öncə cəmi 4 professor Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov və Ədil İsgəndərov olub. Digərləri isə tələbə idi. İndi isə tələbədən çox professor var (gülür). Gərək onlar da teatrlarda, kinolarda fəaliyyət göstərsin ki, sonra professor adına layiq olsunlar.

- Bildiyimizə görə, sizi Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırıblar. Xəbər doğrudur?

- Bəli, bu yaxınlarda mənim kimi yaşlı nəslin aktyorlarını teatrdan uzaqlaşdırdılar. Kanalların birində qonaq olan zaman bu mövzuya orada da toxundum. Sabahı gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatra gələrək mənim televiziyadakı danışığımı eşitdiyini söylədi. Ədalət bəy mənə teatrın direktoru ilə danışdığını dedi. Direktor isə ona mənim öz xahişimlə işdən çıxdığımı bildiribmiş. Məndən bunun doğru və ya yalan olduğunu soruşdu. Mən isə öz növbəmdə söylədim ki, iclas keçirildi və orada deyildi ki, belə bir qanun var ki, yaşlı aktyorlar çıxmalıdırlar. Mən də hiss etdim ki, yaşlıyam və ərizəmi yazdım. Ədalət bəy yenidən məni müqavilə yolu ilə işə qaytardı. Hazırda mən tetatrda çalışıram.

- Qarşıda hansı tamaşanı təqdim etməyə hazırlaşırsınız?

- Fevralın 7-si "Pələng ili" tamaşasını Gənc Tamaşaçılar Teatrında təqdim edəcəyik. Sözügedən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisovdur.

- Hansı korifey sənətkralarla tərəf müqavili olmusunuz?

- Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımov III kursda oxuyanda məni Amaliya Pənahova ilə birgə öz çalışdığı teatra dəvət etdi. Əli Zeynalov, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışaraq bu sənətin sirlərini öyrənmişik.

- Nə üçün Akademik Milli Dram Teatrından uzaqlaşıb, Gənc Tamaşaçılar Teatrını seçdiniz?

- Mənim təyinatım Akademik Milli Dram Teatrına verilsə də, öz xahişimlə Gənc Tamaşaçılar Teatrına gəldim. Çünki tələbəlik illərində o teatra tez-tez gedirdim. Orada Yusif Vəliyev, Firəngiz Şərifova, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Osman Hacıbəyov kimi böyük sənətkarlar var idi. Hələ tələbə olan zaman onların sənətinə hədsiz rəğbətim olub. Hətta onlarla birgə səhnəni bölüşüb, tərəf müqavili olmuşam.

- Siz Xuraman Hacıyeva ilə də dəfələrlə eyni səhnəni bölüşmüsünüz. Hətta siz birgə oynadığınız rollara görə, rəğbət qazanmısınız. Doğrudur?

- Həqiqətdir ki, Xuraman xanımla bir çox tamaşalarda yer almışam. Elə tamaşaçılar tərəfindən bəyənilməyimdə də, məhz Xuraman xanımın böyük əməyi olub. Hətta tamaşaçıların çoxu məktublarında Xuraman xanımın mənim həyat yoldaşım olduğunu yazırdılar. Ancaq həmin vaxtlar mənim öz ailəm var idi. Görün, necə təbii obraz yaradırdıq ki, hər kəs bizi evli kimi fikirləşirdi!

- Bu sənətdə kifayət qədər qısqanc insanlar var. Sizin heç paxıllığınızı çəkənlər olub?

- Mənim paxıllığımı çəkən kifayət qədər insan var. İllər öncə orta məktəbdə oxuyanda sənətkarımız Mirzə Babayevin ifalarını çox bəyənirdim. O zamanlar Mirzə Babayev əməkdar artist idi. Məclislərin birində Mirzə Babayevlə bilikdə iştirak edirdik. Həmin vaxt Mirzə Babayev ətrafdakılara məni göstərərək "Görürsüz bu Tariyeli, kənddən gəlib artıq xalq artistidir? Mən isə hələ də əməkdar artistəm"- söylədi. O zaman mən deyə bilmədim ki, Mirzə müəllim mən müğənni deyiləm. Kino və teatr aktyoruyam. O, əslində müğənni xalq artistləri ilə dava etməlidi idi (Gülür). Bu da hərhalda, paxıllıq, qısqanclıqdır.

- Tariyel müəllim, eşitdiyimizə görə şeir də yazırsınız. Bu doğrudurmu?

- Bəli, (Gülür) "O gül..." adlı poema yazmışam. Əsərin əsas mövzusu paxıl insanlardır:

Məni paxıllardan qoru sən Allah,

Dərbənddə yaradım mən şah rolumu.

Aylar məni yorur, kəsəcək sabah

Ürəkdən çırpınan arzu yolumu.

Dediyim bu sözlər şikayət deyil,

Qismətin verdiyi bəs edir mənə.

Deyirlər, bu mənim günahım deyil,

Acizlər paxıllıq edirlər sənə.

Ey sənət həmkarım, deyim biləsən,

Məndən nə ömrümü, nə günümü al.

Biryolluq canımı almaq istəsən,

Xalqın mənə olan sevgisini al.

- Aktyorlarımız maddi baxımdan çox əziyyət çəkirlər. Bu sözü sizə şamil etmək olar?

- Mən də illər öncə çox çətinliklər çəkmişəm. Hətta ailəli olan zaman 60 manatla dolanırdıq. Kirayədə yaşayırdım. Bir sözlə, əlavə gəlir yerim olmayıb. Bilirsiniz, bu sənət dözüm, səbr tələb edir. Gənclərimiz özlərini sənətdə sevirlər. Ancaq mən hər zaman demişəm ki, sənəti özünüzdə sevin. Çünki o zaman sənətinizdə püxtələşmə, inkişaf ola bilər. Ulu Öndər Heydər Əliyev mədəniyyətə, incəsənət adamlarına hədsiz qayğı göstərib, onlara mükafatlar, təqaüdlər verib. Bu da təbii ki, bizim yaşayışımıza daha yaxşı təsir göstərir. Mən xoşbəxt aktyorlardanam ki, dövlətimiz mənə ev və yüksək təqaüd verib. Deyə bilərəm ki, ayda 1500 manata qədər məvacib alıram. Şükürlər olsun ki, bu məbləğ yoldaşıma və mənə kifayət edir.

- Heç arzusunda olduğunuz rolunuz olubmu?

- Şükürlər olsun ki, istədiyim bütün rolları ifa etmişəm. Hazırda isə İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərindəki böyük Atayevi canlandıracam.

- Özünüz necə, film çəkmisiniz?

- Mən Teatr İnstitutunda oxuyanda həvəskar kino studiyası var idi. Onda mən öz kameramla "Krişa dayı mənim qonşumdur" adlı sənədli film çəkdim. SSRİ dövründə Ümumittifaq Kino Həvəskarları Festivalında 10 dəqiqəlik film təqdim etdim. Bu filmə görə Bakıda və Moskvada birinci yerə layiq görüldüm. Pul və diplomla təltif olundum. Hazırda da səviyyəli film çəkə bilərəm. Sadəcə, mənə maddi baxımdan dəstək lazımdır.

- Arzusunda olduğunuz elə bir roman varmı ki, ondan gözəl film ərsəyə gətirəsiniz?

- Əlbəttə, var! Gənclik illərində oxuduğum "Sənsiz keçən günlərim" adlı romandan çox gözəl serial çəkmək olar. Sujet xətti isə məhəbbətdən bəhs edir. Rayondan gələn gənc oğlan şəhərdə narkomanlara qoşulur. Daha sonra isə sevdiyi qız onun ardınca Bakıya gəlir və sevdiyi şəxsin artıq məhv olmuş taleyini görür. Bir sözlə, çox gözəl əsərdir. Onu artıq ssenariləşdirirəm. Özüm çəkməsəm də, rejissorlardan birinə verəcəm ki, bu əsəri işıqlandırsınlar.

- Bildiyimizə görə, sizə Rusiyada çəkilən serialdan da təklif gəlmişdi. Ancaq qəbul etmədiniz. Buna səbəb nə oldu?

- Doğrudur, mənə serialda oynamaq üçün təklif gəlmişdi. Müqavilə üçün 90 min manat pul da verirdilər. Məndən isə 1 il Rusiyada yaşamağımı istədilər. Demək olar ki, razılaşmışdım. Onlardan xahiş etdim ki, ssenarini mənə göndərsinlər. Ssenarini oxuduqdan sonra bildim ki, mənim rolum türklərin əleyhinədir. Bu da xalq artisti olaraq mənə yaraşmazdı. Ona görə də təklifdən imtina etdim. Rejissorlar hətta ödəniləcək pulun miqdarını artırsalar da, qəbul etmədim.

- Tariyel müəllimin oynadığı hansısa rolu, canlandırdığı obrazı bəyənməyən, bunu açıq şəkildə etiraf edənlər olub?

- Olub. Mən hər zaman tamaşalarda sevgisinə sadiq qalan obrazları canlandırmışam. Ancaq "Sən nə üçün yaşayırsan" tamaşasındakı "Pərviz" roluma görə məni çox qınadılar. Çünki sözügedən rolda oğlan yalançıdır, sevdiyi şəxsə tez-tez xəyanət edir, ailəsinə valideyinlərinə qarşı kobudluq göstərir. Buna görə də, tamaşaçılar bu rolu mənə yaraşdırmadılar.

- Sizi Azərbaycandan çox xarici ölkələrdəki filmlərdə görürük. Bunu özünüz yoxsa rejissorlar istəyib?

- Mən Özbəkistanda 7 filmə çəkildim. Daha sonra mənim Türkmənistanda, Çilidə, Tacikistanda bir çox filmə çəkilmişəm. Yəni yerli rejissorlardan fərqli olaraq, xaricilər məndən yetərincə istifadə edə biliblər. Bir sözlə, yəqin bizim rejissorlar kordurlar ki, mənim kimi usta sənətkarı filmlərə çəkmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə