Azərbaycan Dövlət Musiqili Teatrının açılış tarixi məlum oldu
Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirə dayandırılan Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri başa çatıb. Artıq yeni binada teatrın açılışı məqsədi ilə "Bu bizik–Musiqili Teatr!" adlı iki hissəli möhtəşəm proqramın hazırlıq işlərinə başlanıb. SİA-nın xəbərinə görə, bu məqsədlə tanınmış rejissor, xalq artisti İranə Tağızadə teatra dəvət olunub.
Proqramın ssenari müəllifi əməkdar artist Firdovsi Atakişiyev, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəqslərin quruluşçuları xalq artisti Təranə Muradova, Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, işıq üzrə rəssamı Rəfael Həsənov, kostyumların müəllifi isə rəssam-modelyer Yelena Almazovadır. Gənc rejissorlar Anar Sadıqov və Tamilla Aslanova isə İranə Tağızadəyə assistentlik edəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıqlamasında bildirib ki, martın 10-da teatrın pərdələri adıçəkilən tamaşa ilə açılacaq: "Tamaşada demək olar ki, repertuarda olan bütün əsərlərdən parçalar oynanılacaq. Bu, 104 yaşlı kollektivin yaradıcılığına bir növ baxış olacaq, teatrın təqdimatı xarakterini daşıyacaq. Ona görə də bu təqdimata çox böyük səylə hazırlaşırıq. Açılış mərasimi həm də Milli Teatr gününə təsadüf etdiyindən teatrda əsl bayram təntənəsi olacaq. Hazırda bütün yaradıcı heyət məşqlərdədir. Yeni binada pərdələrin açılacağı günü hamı səbirsizliklə gözləyir. Hamı gözləyir ki, teatrın sehirli cazibəsinə toplaşanlara ürəkdən deyə bilsinlər: "Bu bizik–Musiqili Teatr!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB