Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində British Council Azərbaycan nümayəndəliyi Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında qurulmuş "Lineyn trilogiyası" tamaşasının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, bu tamaşalar, Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq üçün nəzərdə tutulmuş "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində hazırlanıb.
2013-cü ilin fevral ayından başlaraq, British Council Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər silsiləsini təşkil edib.
Nəzərinizə çatdıraq ki, dramaturq Martin MakDonaxın qələminə aid "Lineyn trilogiyası"nın özündə birləşdiyi üç pyes "Lineynin Gözəllik Kraliçası", "Konnemarada bir Kəllə" və "Yalqız Qərb" adlanır. 1994- ci ildə, "Lineynin Gözəllik Kraliçası" və "Yalqız Qərb" Ən Yaxşı Pyes nominasiyasında "Tony Award" mükafatına layiq görülüb. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları ilə əməkdaşlıq yolu ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.
"Bu Trilogiya teatrımız üçün yeni və həyəcanlandırıcı təşəbbüsdür. Teatrımız əməkdaşlıq yolu ilə hazırlanan bu cür tamaşaları hər zaman məmnuniyyətlə qəbul edib dəstəkləməyə hazırdır," Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidov söyləyib. Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatının direktoru, Elizabet Uaytın sözlərinə görə, "bu tamaşaların xüsusiliyi ondadır ki, Bakının teatr peşəkarları və Böyük Britaniya rejissoru, müasir Britaniya pyesini Azərbaycanın kontekstində təqdim etmək üçün aylarla birlikdə əməkdaşlıq ediblər. Bu işin nəticəsi həm yeniliyi, həm də qeyri-adiliyi ilə seçilir".
Qeyd edək ki, trilogiyanın premyerası 11 mart saat 12:00, 16:00 və 19:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Biletləri Bakı şəhərinin kassalarında əldə etmək olar. Bu tamaşalar Gənc Tamaşaçılar Teatrında Azərbaycan dilində ifa olunacaq və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilərək, nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB