Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti Şəfiqə Axundovanın "Gəlin qayası" operası nümayiş olunub. SİA-nın məlumatına görə, operada əsas rollarda xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Şahlar Quliyev, Əli Əsgərov, əməkdar artistlər Gülüstan Əliyeva, Sahibə Abbasova, Nizami Bağırov, aktyorlar Kəmalə Nəsibova, Nəzər Bəylərov, Mütəllim Dəmirov iştirak ediblər.
Operanın təqdimatı Şərqdə ilk opera yazan görkəmli bəstəkarın anadan olmasının 90 illiyinə həsr edilib.
Operanın nümayişindən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova çıxış edərək bir neçə gün əvvəl Şəfiqə Axundovanın 90 illiyinin tamam olduğunu diqqətə çatdırıb: "Bütün ömrünü musiqiyə həsr etmiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin sonuncu tələbəsi olmuş Şəfiqə Axundova ilk növbədə gözəl mahnı bəstəkarı kimi sevilir. Onun mahnıları, melodiyaları artıq zamanın sınağından çıxmış və müxtəlif ifaçıların repertuarında yer alıb. Bildiyiniz kimi Şəfiqə Axundova həm də Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. Biz ilk dəfədir ki, Şəfiqə xanımın doğum gününü onsuz qeyd edirik. 1972-cü ildə xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxıb. "Gəlin qayası" operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir". Daha sonra opera nümayiş olunub.
Qeyd edək ki, tamaşanın dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB