Əlikram Əliyev: "Bakı şəhərinin rayonları arasında “Şən və Hazırcavablar Klubları” çempionatı təşkil edəcəyik" MÜSAHİBƏ

Əlikram Əliyev: "Bakı şəhərinin rayonları arasında “Şən və Hazırcavablar Klubları” çempionatı təşkil edəcəyik" MÜSAHİBƏ

Müsahibimiz Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevdən son illərdə həyata keçirilən mədəniyyət siyasəti ilə bağlı fikirlərini öyrəndik. Sözügedən müsahibəni SİA oxucularına təqdim edirk:

- Əlikram müəllim, Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti-milli-mənəvi dəyərlərin qorunması, mədəniyyət və turizm sahəsində əldə olunan inkişafla bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanın bu günkü nailliyyətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin hesablaşdığı güclü dövlətə çevrilib. Azərbaycan artıq dünyada etibar edilən, güclü ölkə kimi tanınır, daha müasir və sivil dövlətdir. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib. Azərbaycan mədəniyyət və incəsənəti yeni dövrünü yaşayır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində mədəniyyətimiz, incəsənətimiz daha da inkişaf edib, prezidentin fərman və sərəncamları bu inkişafa güclü stimul yaradıb. Məs gerçəklik göstərir ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları prinsipiallıqla reallaşır. Mədəniyyət xadimlərimiz nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi ləyaqətlə təmsil edirlər. Dünya ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günləri, eləcə də, dünya xalqlarının mədəniyyəti günlərinin ölkəmizdə reallaşması beynəlxalq münasibətlərin artmasına və inkişafına təkan verən amillərdən biri olaraq da tarixə həkk olunub.

Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər milli mədəniyyətimizin dünyaya qapı açmasında xüsusi ilə əhəmiyyətlidir. Azərbaycan muğam və aşıq sənətinin, Novruz bayramının, tar ifaçılıq sənətinin və digər mədəniyyət nümunələrinin YUNESKO-nun maddi və mənəvi irs siyahılarına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanınması istiqamətində görülən işlərin real nəticəsidir. Fond tərəfindən hər il xüsusi peşəkarlıqla keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının musiqimiz və mədəniyyətimiz baxımından önəmini qeyd etməmək mümkün deyil. Belə ki, 2009-cu ildən başlayaraq hər il yay aylarından keçirilən və ənənə halını alan festival beynəlxalq miqyasda böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan bu festival Azərbaycanı dünyanın mədəniyyət mərkəzinə, Qəbələ şəhərini isə mədəniyyət paytaxtına çevirib.

Son 10 ildə neçə-neçə mədəniyyət ocaqlar təmir və bərpa etdirilib. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi, dünyada analoqu olmayan Xalça Muzeyinin inşası mədəniyyət siyasətinin uğurlu göstəriciləridir. Yaxın illərdə bir neçə kinoteatrların, teatr binalarının əsaslı təmir olunması mədəniyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. Belə quruculuq işəri söz yox ki, regionlardakı mədəniyyət obyektlərində də davam etdirilir. Əlbəttə ki, bu hadisələrin mühiti vardır. Bu mühit Azərbaycan mədəniyyətinə göstərilən dövlətin qayğısı və diqqətidir.

Son illər iqtisadi inkişaf tenplərinə görə, dünyanın ön sıralarında olan qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Bu ilin ilk ayında Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompeksinin açılışı Azərbaycanda geniş şəbəkəli turizm infrastrukturun yaradılmasına daha bir nümunədir. Son bir neçə ildə dünyanın otel brendləri ölkəmizə gəlib, yeni beşulduzlu otellər istifadəyə verilib.

- Yola saldığımız 2013-cü ili Azərbaycan mədəniyyətinin və incəsənətinin uğulu ili kimi xarakterizə etmək mümkündürmü?

- İlk olaraq qeyd edim ki, Azərbaycan dünyanın ən sakit və əminamanlığın bərqərar olduğu məmləkətdir. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar eləcə də, dövlətlərdə əməkdaşlığı daha da güclənir. Birinci Avropa Oyunlarına ev sahibliyi etmək haqqının Azərbaycana verilməsi, "Eurovision" kimi möhtəşəm bir tədbirin Bakıda keçiriləməsi paytaxtımızın çox mühüm əhəmiyyətli beynəlxaq forumlara, tədbirlərə ev sahibliyi etməsi ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində mümkün olub. Yola saldığımız 2013-cü ildə də mədəniyyət diplomatiyasının təntənəsi özünü göstərdi. Ölkəmizdə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dioloq Forumu, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitəsinin 8-ci ssesiyası, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digər Beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasında əhəmiyyətlidir. 2013-cü ildə "Çovqan - qədim atüstü Qarabağ oyunu"nun YUNESKO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edilməsi mədəniyyət tariximizə həkk olundu. Bütün bunların əsasında dövlətin, ölkə Prezidentinin Azərbaycan mədəniyyətinin inkişafına diqqət və qayğı dayanır.

- Bildiyiniz kimi, dövlət başçısı mədəniyyəti inkişafına böyük diqqət və qayğı göstərərək bu sahənin inkiafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Rəhbərlik etdiyiniz idarə tərəfindən 2013-cü ildə hansı işlər görülüb?

- Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 2013-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının mədəniyyət sahəsində qarşıya qoyduğu məqsəd və vəzifələrin icra olunmasına yönəldib. Mədəniyyət müəssiəsələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəhər miqyaslı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirib. Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı mədəniyyət müəssiəsələri tərəfindən tədbirlər keçirilib. Ötən il 20 Yanvar faciəsi, Xocalı Soyqırımı, Gənclər Günü, 31 Mart azərbaycanlıların Soyqırım Günü, 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, 28 May Respublika Günü və s. həsr olunmuş, mədəni-kütləvi tədbirlər təşkil olunub. Azərbaycan teatrının 140, Nigar Rəfibəylinin 100, Məhsəti Gəncəvinin 900, Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Bakı Şəhərinin rayonları üzrə silsilə tədbirlər təşkil olunub. Tədbirdə azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasət, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarından irəli gələrək "Azərbaycan Respublikasında" 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən il ərzində müvafiq tədbirlər həyata keçirilib. Telefona və internetə çıxışı olamayan müəssiəsələr telefon və internet xətləri ilə təmin olunub. "Azərbaycan gəncliyi 2011-2015 illərdə" Dövlət Proqramının, "Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublika Prezidentinin Sərəncamının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2009-2013 və ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası ilə əlaqədar 2013-cü ildə 11 saylı Uşaq Musiqi Məktəbinin binasının inkişafı, 4 saylı Uşaq İncəsənət Məktəbi üçün akt zalının inşası, Ə.Bədəlbəyli adına 23 saylı 11 illik Musiqi Məktəbinin binasının əsaslı təmiri, F.Əmirov adına 6 saylı 11 illik İncəsənət Məktəbinin və Ş.Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbinin binalarının əsaslı təmiri və yenidənqurulması, A.R.Qobustanlı adına Mədəniyyət Evinin əsaslı təmiri baş çatmış və istifadəyə verilib. Müşfiqabad qəsəbə Mədəniyyət Evi, R.Axundov adına Mədəniyyət Evi, Nardaran qəsəbə klubu, Bibiheybət qəsəbə Mədəniyyət Evi, Səbail Rayon MKS-nın 4 saylı filialı, C.Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbində təmir işləri davam etdirilir. Proqramın icrası məqsədi ilə Şağan qəsəbə klubu, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi, Xətai rayon MKS-nın 4 saylı filialı, H.Abbasov adına Mədəniyyət Evində, Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbində yeni binaların tikintisi üçün işlər görülməkdədir.

İstedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının aşkarlanması məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin iştirakı ilə "Gənc ifaçıların Bakı Şəhəri üzrə Festivalı" keçirilib. Eləcə də bir çox xarici ölkələrdə mədəni sahələrdə əməkdaşlıqlara önəm verilib. Çelyabinsk vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi "Ozan" ictimai təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin Çelyabinsk vilayəti bölməsi ilə əməkdaşlıq sahəsində iş aparılıb, "Rusiya-Azərbaycan: dostluq qanadlarında" adl uşaq və gənclər yaradıcılığı müsabiqə-festivalı keçirilib.

2014-cü ildə də görüləsi, həyata keçirilməsi planlaşdırılan işlərimiz kifayət qədərdir. Belə ki, 2014-cü il aprel-dekabr ayları dövrü ərzində dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında gənclərin fəal iştirakının təmin edilməsi və əhalinin asudə vaxtının səmərəli təkil edilməsi məqsədi ilə Bakı şəhərinin rayonları arasında "Şən və Hazırcavablar Klubları" çempionatı təşkil edəcəyik. Yarışlarda Bakı şəhərinin hər rayonundan bir komanda iştirak edir və komanda üzvlərinin yaş həddinə məhdudiyyət qoyulmur. Bununla yanaşı, sentyabr-dekabr ayları ərzində mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqların təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafı məqsədi ilə "Bakı gecələri" Estrada Mahnı Festivalını təşkil edəcəyik. Artıq beşinci dəfə keçirilən "Bakı gecələri" Estrada Mahnı Festivalında 2013 və 2014-cü illər ərzində estrada janrında yazılmış mahnılar iştirak edəcəkdir. Festivalın Qala konserti hər il olduğu kimi, dekabr ayının 24-də Heydər Əliyev Sarayında keçiriləcək.

Azərbaycan xalqı ən böyük sərvətlərindən biri olan milli-mədəni, maddi, ədəbi irsinə sahibdir. Əminik ki, 2014-cü il də Azərbaycanın mədəniyyəti üçün uğurlu, tarixi hadisələrlə zəngin il olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə